Tanınmış azərbaycanlı alim Arif Acaloğlu vəfat edib.
Titul.az xəbər verir ki, bu barədə alimin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edilib ki, türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlu onu avtomobilin vurması nəticəsində dünyasını dəyişib.
Alim Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən "Əhməd Ağaoğlu v Türk dünyası" beynəlxalq elmi konfransında iştirak etmək üçün Bakıya gəlib. O, konfransda məruzə ilə çıxış etməli idi.
Qeyd edək ki, türkoloq 1956-cı ildə Borçalıda doğulub. Orta məktəbi doğma şəhərində başa vurduqdan sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub. O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. Onun akademik tədqiqatları mifologiya, xalq ədəbiyyatı və Avrasiya xalqlarının mədəni irsi kimi sahələrlə bağlıdır. Onun 2 kitabı və 40-a yaxın məqaləsi çap olunub. Qafqazda, Orta Asiyada və Sibirdə işləmiş, konfranslar və mühazirələr oxuyub. O, bu ölkələrdə və Türkiyədə bir çox akademik görüşlərdə iştirak edib. Akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edib.
12:45 - 16 Noyabr 2023