Pensiyaçıların NƏZƏRİNƏ: Bankomatlarda bunlara DİQQƏT EDİN

 Pensiyaçıların NƏZƏRİNƏ: Bankomatlarda bunlara DİQQƏT EDİN

Vaxtaşırı pensiya alanların dələduzların qurbanına çevrildikləri haqda məlumatlar yayılır. Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı vaxtaşırı hesabatlar, maarifləndirici video-çarxlar yayır.

DİN-in ötən həftə kiber müdaxilə ilə bağlı paylaşdığı hesabat da bu baxımdan xüsusilə diqqət çəkib. Qurumdan bildirilib ki, 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsait talanıb və bu cinayətlərin 178-i “bankomatdan pul çıxarılmasına kömək” adı ilə həyata keçirilib. Düşünülür ki, aldadılan vətəndaşların əksəriyyəti məhz pensiyaçılardır. Sözügedən qrupun əksəriyyəti ATM-dən pul çıxara bilmədiyinə görə hədəfə alınır. Bəzi vətəndaşlar bankomatların yanına nəzarətçilərin qoyulmasını təklif edir.

Bu, çıxış yolu ola bilərmi?

Titul.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, istənilən yeni tətbiq olunan texnologiyanın həm mənfi, həm də müsbət tərəfləri var:

“Bu gün onlayn ödənişlərin, eyni zamanda əməkhaqqıların, pensiyaların kartlarla verilməsinin əsas mənfi tərəfi qeyri-qanuni şəkildə bu tip müdaxilələrin olmasıdır. Buna görə də kartlardan istifadə edənlər diqqəti artırmalıdırlar. Bankların bankomatların yanına nəzarətçi qoyması mümkün deyil. Hətta bu, çox gülməli görünər. Onsuz da əvvəllər pulu kassirlər verirdilər, onların olmaması üçün isə pullar onlayn formada hesablara köçürülür və pensiyaçılar bunu nağdlaşdırır. Nəzarətçilərin olması nə praktiki, nə də nəzəri cəhətdən mümkün deyil. Çünki bankların sayı da çoxdur”.

Müsahibimiz qeyd edib ki, rayon yerlərində bu hadisələr daha çox baş verə bilər:

“Statistika bəlli olmadığına görə, konkret haralarda baş verdiyini demək olmur. Amma fikrimcə, ucqar rayonlarda, kənd yerlərində bankomatların yanına xüsusi xəbərdaredici yazılar qoyula bilər. Görünən odur ki, hər bir insan bir dəfə aldandıqdan sonra daha ehtiyatlı davranır. Kartların sayının artması təbii ki, qeyri-qanuni müdaxilələr və aldanmaların da çoxalmasına səbəb olacaq. Bir müddət sonra isə bu rəqəm azalacaq. Problemlərin həlli diqqətli rəftara bağlıdır”.

17:04 - 11 Fevral 2025

Xəbər lenti