“Uşaq vaxtı imkanlarımız çox məhdud idi. Atam qumarxanada mühafizəçi idi. Anam geyim mağazasında işləyirdi. Sinif yoldaşlarımın evimə gəlməsini istəmədiyim yadımdadır. Çünki mən ancaq televizora baxırdım. Televizor balaca stolun üstündə idi, toxunsan düşərdi. Futbolun sayəsində ailəmin vəziyyətini dəyişə bildim”.
Titul.az xəbər verir ki, bunu Madrid “Real”ın ulduz futbolçusu Federiko Valverde keçmişi ilə bağlı danışarkən deyib.
O, İspaniya nəhənginə transferini belə xatırlayıb:
“Cənubi Amerikada U-17 çempionatında oynayırdım. Hoteldə idik. Anam və atam başqa otaqda qalırdılar. Anam zəng etdi ki, dərhal bizim otağa gəl, “Real”dan gələnlər var. Elə bildim zarafat edir, otaqlarına qaçdım. Daha əvvəl heç görmədiyim iki nəfər qarşıma idi. Mənə “bizimlə birlikdə bir ulduz olacaqsan” dedilər. Mənim və ailəmin Madridə köçməyimizi istəyirdilər. Dedim, mənlə zarafat edirsiniz? Dünyada 500 min futbolçu var, “Real” məni istəyəcək? Anam qayıtdı ki, Feda, çənəni yum, özünə gəl, biz sənlə zarafat etmirik. O an donub qaldım. Atam lobbidə idi, tez onun yanına qaçdım ki, ata, məni Madriddən istəməyə gəliblər. Atam dedi ki, necə yəni Madriddən gəliblər? Dedim, sizin otağınızdadırlar. Atam cavab verdi ki, “Real”dan gələnlər bizim otağımızdadırsa, sənin burada nə işin var, axmaq oğlum? Qaç otağa...
“Real”ın gənclər komandası ilə ilk məşqimdən sonra paltardəyişmə otağındayıq. Futbolçular duş qəbul etmək üzrə idi. Hamının brend alt paltarı var. Öz-özümə dedim ki, “kim bilir bunların qiyməti nə qədərdir?” Onda ümid edirdim ki, alt paltarımda yırtıq olmayacaq, dua edirdim. Buna görə duşa girmədim. Telefonumda sanki çox vacib bir şeyə baxırmış kimi davrandım. O gün alt paltarı almağa getdim, ən yaxşısından 10 dənəsinə ehtiyacım vardı”.
Qeyd edək ki, 25 yaşlı uruqvaylı yarımmüdafiəçinin Madrid klubu ilə 2027-ci ilədək sözləşməsi var. Onun transfer qiyməti 70-80 milyon avro civarındadır. / oxu24.com
01:13 - 16 Noyabr 2023