“Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq”.
Titul.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputatın sözlərinə görə, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar:
“Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək. Pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı ğözlənilir.
Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvarın 1-dən hesablansa da, artımlar fevral ayından ödəniləcək. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır”.
“Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.
2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”, - deyə V.Bayramov bildirib.
11:54 - 9 Yanvar 2025