AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakin sözün əsl mənasında özünü şəhid edib, insanlarımızın bir çoxunun həyatını xilas edə bildi. Onun fədakarlıqları bütün dünya mediasında manşet xəbəri oldu.
Bir daha xatırladaq ki, dekabrın 25-də AZAL-ın “Bakı-Qroznı” reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Dünya təcrübəsi göstərir ki, bu cür qəzalarda sağ qalma şansı çox nadir olur. Lakin bizim həm günümüzün, həm də mövzumuzun qəhrəmanı kapitan İqor Kşnyakinin sayəsində xeyli insan sağ qaldı və əslində baş verən həqiqətləri hamıya çatdıra bildilər. Hansı ki, plan o olub ki, təyyarəmiz Xəzərə düşsün və bir nəfər belə şahid qalmasın.
İqor Kşnyakin, Hökümə Əliyeva, Aleksandr Kalyaninov
Titul.az lent.az-a istinadən “Bioqrafiya” rubrikasında qəhrəman kapitan İqor Kşnyakin barədə məlumat verir.
- İqor Kşnyakin nə vaxt anadan olub?
İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub.
- İqor Kşnyakin harada təhsil alıb?
İqor Kşnyakin pilot kimi ilk təhsilini 1982-ci ildə Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində pilot ixtisası üzrə alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.
- İqor Kşnyakinin ilk iş yeri hara olub?
İqor Kşnyakin 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.
- İqor Kşnyakin karyerasına necə davam edib?
İqor Kşnyakin 1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə “Azal” Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.
İqor Kşnyakin 2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra həmin Hava Gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib.
İqor Kşnyakin və övladları
- İqor Kşnyakinin havada nə qədər olub?
İqor Kşnyakinin 2024-cü il dekabrın 25-nə kimi olan uçuş saatlarını təqdim edirik:
An2:2300 saat
Yak-18:37 saat
Yak-40:2923 saat
Tu-134:48 saat
ATR-42/72:2842 saat
Embraer-190:7009 saat
Kapitan qismində:11180 saat
Ümumi uçuş saatı:15159 saat
- İqor Kşnyakin özünü qurban edib neçə insanı xilas etdi?
Bu il dekabrın 25-də dəhşətli qəzada 29 nəfərin sağ qalması İqor Kşnyakinin qəhrəmanlığı sayəsində olub.
- İqor Kşnyakinin ölüm xəbəri Bakıda necə qarşılandı?
İqor Kşnyakinin evinin önü
İqor Kşnyakinin ölüm xəbəri bütün Azərbaycanı, eləcə də Bakı sakinlərini, onun yaxınlarını dərindən silkələdi. Onu tanıyanlar ölüm xəbərini eşitdikdən sonra yaşadığı binanın qarşısına toplaşaraq xatirəsinə ehtiramlarını ifadə edib, divara vurulmuş fotoşəkilinin önünə gül dəstələri düzüblər. Onun Bakıda təhsil aldığı 251 nömrəli məktəbin şagirdləri də pilotun evinin önünə gəlmişdilər. Şagirdlər İqor Kşnyanikin fotosu önünə gül dəstələri qoyub, xatirəsini anıblar.
İqor Kşnyakinin evinin önü
Uzun müddət onunla qonşuluqda yaşayan Mehman Şöyübov qəhrəman pilotu belə xatırlayır: “İqor çox gözəl qonşu idi. Sonuncu dəfə yanımızdan keçəndə salamlaşdıq. Hər zaman yaxşı insan olub, xatirəmdə elə də qalacaq. Onun haqqında danışmaq çox çətindir. Ailədə də çox hörmətli idi, mehriban idi. Xəbəri eşidəndə heç kim inanmadı, çünki o həm də gözəl pilot idi. Televiziyadan eşitdik ki, belə bir faciəvi hadisə olub. Biz indi də elə bilirik ki, qayıdacaq. İşini sevən, ondan zövq alan insan idi. Uzun müddət idi işləyirdi, həmişə də işinə həvəslə yanaşırdı”.
Asim Kazımov isə deyir ki, İqoru pilot geyimində görəndə hər zaman fərəh hissi keçirib: “Mən 7 ildir burada yaşayıram. Həmişə də onu özümə yaxın insan bilmişəm. Tez-tez rastlaşıb söhbətləşirdik. Çox sağlam və gümrah insan idi. Onu pilot geyimində görəndə deyirdim, qəhrəman doğulmusan. O, elə insan kimi də qəhrəman idi. Baxmayaraq ki, rus idi, amma hamı ilə Azərbaycan dilində danışırdı. Mən onu qəzadan bir gün əvvəl görmüşdüm. Səhəri gün onu itirəcəyimizi ağlıma da gətirmədim. Çox məsuliyyətli insan idi. Hər dəfə də getdiyi ölkələr barədə danışırdı”.
- İqor Kşnyakinin qızı atası ilə bağlı nələr deyir?
Qızı sosial şəbəkə hesabında belə yazıb:
İqor Kşnyakin və qızı
“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkarı tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!”.
Onu da qeyd edək ki, gənclər və idman nazirinin müavini Mariana Vasileva paylaşım edib.
O bildirib ki, təyyarənin kapitanı İqor Kşnyakin Azərbaycan Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə təmsilçiləri, millimizin üzvləri Anastasiya və Darya Kşnyakinanın atasıdır.
İqor Kşnyakin və qızı
İqor Kşnyakin və həyat yoldaşı
İqor Kşnyakin və həyat yoldaşı
İqor Kşnyakin və qızı
14:40 - 28 Dekabr 2024