Plastik cərrahlara yanvarın 31-dək vaxt verildi - Rəsmi

 Plastik cərrahlara yanvarın 31-dək vaxt verildi - Rəsmi

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. 

Bu barədə Titul.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə  Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

16:44 - 27 Dekabr 2024

Xəbər lenti