“Mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir:
“Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir.
Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.
Qeyd edək ki, ölkədə mühafizə zonalarına düşən bir çox evlər var və onlar da sənədsiz evlərdir. Yəqin ki, həmin evlərə “kupca” hec vaxt veriməyəcək.
Bəs evlərin aqibəti necə olacaq, sakinlər köçürüləcək, əvəzində vəsait ödənəcək, yoxsa kommunikasiya xətlərinin yeri dəyişdiriləcək?
Titul.az xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, çıxarışların verilməsi üçün mütləq şəkildə həmin ərazilərdəki kommunikasiya xətlərinin yerləri dəyişdirilməlidir:
“Yerləri dəyişdirilərsə, o halda çıxarış verilə bilər. Məsələn, elektrik naqili qırılıb düşsə yanğın, insan tələfatı olar. Yaxud da su xətləri partlaya bilər.
Həmin evlər sənədsiz evlərin böyük bir hissəsini təşkil eləmir.
Maksimum 15-20 faiz təşkil edir. Ancaq heç digər ərazilərə də çıxarışlar verilmir. Ümumiyyətlə, iki hal baş verir, ya vətəndaşlar köçürülür, ya da kommunikasiya xətlərinin yerləri dəyişdirilir.
Kommunikasiya xətlərinin mühafizə zolağı məsələn, 5 metrdən 15 metrə qədər məsafələr olur, yəni həcmlə əlaqədardır. Yaxud elektrik xətləri neçə min kilovatlıqdır və ya su borusunun diametri nə qədərdir.
Ancaq köçürülmə ilə bağlı heç bir məlumat yoxdur. Köçürülərsə təbii ki, vəsait ödəniləcək. İndiyədək sökülən ərazilərdə böyük əksəriyyətində çıxarışlar olmur, ancaq vətəndaşın pulunu verirlər”.
17:24 - 17 Dekabr 2024