Bu şəxslər əsgərliyə aparılmayacaq - SİYAHI BELƏDİR

 Bu şəxslər əsgərliyə aparılmayacaq - SİYAHI BELƏDİR

Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Titul.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:
- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;
- 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
Layihəyə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:
- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
- 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

13:30 - 16 Dekabr 2024

Xəbər lenti