Təmsilçimiz "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununda bu dəfə İsveç "Elfsborq"una məğlub oldu.
Beləcə, "köhlən atlar" qalib gələcəyinə ümid etdiyimiz daha bir oyundan məğlub ayrıldı. Bu matç bir daha təsdiq etdi ki, təmsilçimizdə problem böyükdür. "Qarabağ" artıq Avropa futbolunun sürəti ilə ayaqlaşa bilmir. Hücum xətti dişsiz və bəsit oyun oynayır. Sürət və bitiricilik problemi aradan qalxmazsa, o əvvəlki "Qarabağ" Avropanın sıradan komandalarının da bir xeyli gerisinə düşəcək.
Əslində Avropa Liqasında bu mövsüm alınan ard-arda məğlubiyyətlər problemin aşkar edilərək aradan qaldırılması üçün kifayət edirdi. Görünür "Qarabağ" düşərgəsində belə düşünmürlər...
Məğlubiyyəti daha da yaxınlaşdıran məqamlar:
- "Qarabağ"In heyyətində ən əzmkar, döyüşkən oyun göstərən Veşoviçin əvəzlənməsi
- Heç cürə digər komanda yoldaşları ilə anlaşa bilməyən Kaşşukun çox gec əvəzlənməsi
- Heç nə ilə yadda qalmayan, ağır oyunu ilə "fərqlənən" Benzianın sona qədər meydanda qalması
- Cərimə zərbələrində yetəri qədər inamlı görünən Toralın düz iki dəfə topun arxasına keçməyə cəsarət tapmaması...
- Mərkəz dayaq yarımmüdafiəçisi mövqeyində oynamağına baxmayaraq hər meydana çıxdığı matçda təhlükəli zərbələri ilə diqqətləri üzərinə çəkən, köhnə tanış Patrik Andradenin oyunun son dəqiqəsində şans qazanması nəticəyə təsir edən məqamlardandır. Havanın dumanlı, çiskinli, meydanın isə sürüşkən olduğunu nəzərə alaraq Patrik daha erkən meydana buraxılmalı idi. Onun hiyləgər zərbələrinə "Qarabağ"ın çox ehtiyacı var idi.
Futbolun taleyini məhz ola bilsin kim üçünsə xırda görünən, lakin böyük dönüş nöqtəsi ola biləcək belə epizodlar, məqamlar həll edir.
Rəqib "Qarabağ"dan büdcəsi qat-qat çox olan nə "Tottenhem", nə "Ayaks", nə də "Lion" deyildi. Ümid edirəm AL-dəki bu seriya məğlubiyyətləri büdcə ilə bağlayanların bəhanəsi də bu oyunla bitmiş olar!
Təhməz Əsəd
02:01 - 13 Dekabr 2024