“Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb, 2-si qalıb” - Bayramov

 “Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb, 2-si qalıb” - Bayramov

“Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddə və preambuladan ibarətdir. Preambula və 15 maddə üzrə, demək olar, mətnlər tam razılaşdırılıb. Qalan 2 maddə üzrə açıq qalan suallarla bağlı işlər davam edir”.

Titul.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib:

“Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını, mətn üzrə mübadilələri davam etdiriblər. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə olunub”.

C.Bayramov qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:

“Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur”.

15:42 - 12 Dekabr 2024

Xəbər lenti