Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəmdədir. Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Bəs gəlin görək pensiya fondu nə üçün vacibdir?
Titul.az xəbər verir ki, mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində özəl pensiya fondları həm pensiya sisteminin şaxələndirilməsi nöqteyi nəzərindən, həm də milli iqtisadiyyata investisiya təkanı baxımından olduqca mühüm institutlar kimi çıxış edirlər.
"Azərbaycanda da təbii ki, tədricən özəl pensiya fondlarının yaradılması məsələsi aktuallaşmalıdır. Bununla biz həm pensiya sistemindəki rəqabət mühitinin inkişafına və rəqabət mühiti şəraitində menecmentin təkmilləşdirilməsinə müvafiq təkanların verilməsinə nail ola bilərik. Bununla yanaşı pensiya fondlarının mühüm investisiya mexanizmi, investisiya institutu kimi çıxış etməsi perespektivləri var ki, ölkəmizdə bununla bağlı da müvafiq işlərin həyata keçirilməsinə nail ola bilərik.
Ümumiyyətlə, pensiya fondlarının beynəlxalq təcrübəyə də, müvafiq elmi yanaşmalara da söykənsək, görə bilərik ki, əsas missiyalarından biri məhz investisiya imkanları ilə bağlıdır. Bu gün dünyada pensiya fondları əsas investorlardan biri kimi çıxış edirlər. Ona görə də bunlar mütləq şəkildə nəzərə alınmalıdır. Söhbət yalnız fondun yaradılmasından deyil, onun ilk növbədə iqtisadiyyata verəcəyi töhfələrdən getməlidir.
Özəl pensiya fondlarının yaranmasının aktuallığı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindəki problemlərlə bağlı deyil. Bu, sadecə olaraq pensiya sisteminin şaxələndirilməsi məsələsi ilə bağlıdır ki, bazar iqtisadiyyatında şəraitində bu rəqabət mühitinin formalaşmasına ehtiyac var. Digər tərəfdən isə investisiya mexanizmlərinin ölkədə inkişafına böyük ehtiyac var. Çünki ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi tələb olunandan xeyli aşağıdır. Bu problemin həlli istiqamətində pensiya fondlarının, o cümlədən özəl pensiya fondlarının böyük, müsbət rolu ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı müvafiq perespektivlər var, ancaq burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, yaradılacaq özəl pensiya fondlarının menecmenti çox həssaslıqla və müvafiq qaydalar çərçivəsində aparılmalıdır. Çünki pensiya fonduna yığılan vəsaitlərin təbii ki, müvafiq effektiv, şəffaf şəkildə idarə olunması tələb olunur. Xüsusilə nəzərə alsaq ki, əhalinin həssas kateqoriyalarına, pensiyaçılara aid olan vəsaitlər burada yığılacaq və son nəticədə burada müvafiq effektiv nəzarət mexanixmləri olmalıdır ki, o vəsaitlər kənarlaşdırılmasın”, - deyə E.Məmmədov vurğulayıb.
07:56 - 11 Dekabr 2024