Kimlərin pensiyasının yanvarın 1-dən artacağı MƏLUM OLDU

 Kimlərin pensiyasının yanvarın 1-dən artacağı MƏLUM OLDU

"2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində öz əksini tapıb. Söhbət 2025-ci ildə 1 milyon 100 min vətəndaşımızın pensiyasının indeksləşdirilərək artırılmasından gedir".

Titul.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil:

"Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirən indeksləşdirmədir. 2004-cü ildə əmək pensiyalarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi 6 milyard 525 milyon manatdır və bu, təsdiq edir ki, söhbət kifayət qədər böyük məbləğdə vəsait üzərindən indeksləşdirmədən gedəcək.

Bu, nəticə etibarilə növbəti il əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilərək artırılmasına imkan verəcək və birmənalı şəkildə 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizi növbəti pensiya artımları üçün baza yaradacaq. Eyni zamanda, əmək pensiyası alan vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaradacaq.

Digər məqam Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı sosial ekosistemin strukturunun dəyişməsi ilə bağlıdır. Çünki DSMF-in gəlirlərinin əhəmiyyətli hissəsi qeyri-dövlət yığımları üzərində qurulub. 2024-cü ildə geridə qalan 10 ayda Azərbaycanda ilk dəfə olaraq özəl sektorda bağlanan əmək müqavilələrinin sayı dövlət sektorundan daha çox olub.

Bu, əslində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin dayanıqlığı baxımından vacibdir. DSMF növbəti illərdə əmək pensiyalardakı artım tempini dinamik olaraq qoruyub saxlaya biləcək və indeksləşdirmə daxil olmaqla digər istiqamətlərdə pensiyaçılarımıza sosial təminat davam etdiriləcək".

11:01 - 8 Dekabr 2024

Xəbər lenti