Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Titul.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - agentlik bəyan edib.
17:47 - 6 Dekabr 2024