İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş

 İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan iki nəfərin məhkəməsi başlayıb.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

Əvvəlcə xatırladaq ki, Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Piriyevlə birgə mühakimə edilir. İttihama görə, onlar iş adamı Q.Piriyevi rayonların birinə icra başçısı təyin edilməsinə köməklik edəcəkləri vədi ilə aldadıb, onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluqla ələ keçiriblər. Təqsirləndirilən şəxslər əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Adıçəkilən şəxslərdən başqa, bu iş üzrə Balakən rayon sakini Hürü Əmiraslanova da cinayət məsuliyyətinə cəlb olunubmuş. Məlum olub ki, H.Əmiraslanova istintaq dövründə “uksus”​ içərək həyatına qəsd edib. Onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. 

Təqsirləndirilən şəxslər qeyd olunan vaxtda məhkəmə zalında olsalar da, zərərçəkmiş şəxs məhkəməyə gəlməyib. Amma o, vəkili Sadiq Rəsulov vasitəsilə sistemə vəsatət yerləşdirib. Zərərçəkmiş Piriyev Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun həbs edilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, vəsatət həm ziyanın tam ödənilməməsi, həm də məhkəmədən yayına biləcəkləri ehtimalının qarşısını almaq üçün verilib.

Amma işə yeni vəkil qoşulduğu üçün onun iş materialları ilə tanış olması məqsədilə proses təxirə salınıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin həbsdə və ya sərbəst mühakimə edilməsinə hələ qərar verilməyib.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video ilə məşhur olmuşdu.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

15:12 - 26 Noyabr 2024

Xəbər lenti