Tanınmış jurnalist İrada İsak bu yaxınlarda iştirak etdiyi qohum toyunda şahidi olduğu hadisədən bəhs edib.
Titul.az bu ürəkağrıdan real həyat hadisəsi ilə bağlı İrada İsak qeyd etdiklərini təqdim edir:
"Kasıb qohumlarınızın toyuna mütləq gedin!
Ötən ay bir tanışın oğlunun toyuna getmişdim. Çox kasıb ailədirlər. Hərçənd kasıb ailə köməksiz qalanda anlayıram ki, qohumları yaxşı deyillər.
Bir oğlu var adamın, ona toy edir. Bütün arzularını, ümid, xəyallarını qoymuşdu o toya. Gücü çatandan özü, ailəsi geyinmişdi, gəlinə borc-xərc qızıl almışdılar. Nə isə, sözüm onda yox.
Çox ucuz şadlıq evində də toy edirdi. Etsin!
Mən bir az gecikməli oldum, saat 8-də çatdım toya. Məni görəndə gözləri parıldadı ev sahiblərinin, hiss etdim ki, gözləmirdilər. Girib, görsəm nə yaxşıdır?
3 böyük stol, hərəsi 12 nəfərlik boşdur. Yanımdakı adamdan soruşdum ki, nə tez gediblər adamlar toydan? Dedi, heç gələn olub ki?
Adamın oğlunun toyuna umduğu 3 stol qonaq gəlməmişdi. Toyda ən yaxşı halda 50 nəfər adam vardı. Oğlan toyu idi.
Bəy-gəlinlə oynamağa adam yox idi.
O qədər pis oldum ki. Anladım ki, kasıb olduğu üçün kimsə "əşi, sən Allah kimdir o toya gedən, nə böyük adamlardır ki?" deyib ya toya gəlməyiblər, ya da ən yaxşı halda "bəsləridir" deyib 50 manatdan pul göndəriblər. Ya da düşünüblər ki, o mənim oğlum Rizvanin toyuna gəlmişdi? Yox! Balaca gədənin də toyuna gələ bilməyəcək. Mən niyə gedirəm ki?
Halbuki o kasıb kişi gəlməyən adamların yerlərinin də pulunu verəcək.
Əslində, kasıb əmisinin adını çəkməyib, varlı əmioğlusuna "əmi" deyib sarılanları görmüş adamam, təəccüblənməməli idim.
O hadisə, o boynubükük, pərt valideynlər gözüm önündən getmir.
Varlının toyuna borc-xərc 200 manat tapıb gedən adamlar ehtiyacı olan kasıba 50 manat pul salır. Halbuki o adamın daha çox ehtiyacı var.
O gündən özümə söz verdim. Varlı adamların toyuna getməyə bilərəm. Amma kasıblara hökmən gedəcəm. Orda o qədər səmimi gözlər görmək olur ki.
Kasıb qohumlarınızın toyuna mütləq gedin. Onların sizdən başqa kimsəsi yoxdur!".
22:31 - 12 Noyabr 2024