"Makronların" Bakıya növbəti AĞIR MƏĞLUBİYYƏTİ - BOYKOT cəhdləri puç oldu

Azərbaycan ötən gündən - 11 noyabrdan etibarən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb.

Bakı bu tədbirə 11 gün ərzində ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi mübarizəsində öz rolunu gücləndirməyi hədəfləyir. Dünyanın ən böyük beynəlxalq konfransı - COP29 100-dən çox dövlətin nümayəndəsinin eyni anda bu Sammitdə iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur.

Baxmayaraq ki, COP29-u boykot etməklə bağlı bu mötəbər tədbir öncəsi saysız-hesabsız çağırışlara şahid olduq. Lakin ölkəmizə artıq təşrif buyuran Sammit liderləri və eləcə də on minlərlər beynəlxalq təsisat, təşkilat və QHT nümayəndələrinin sayı deməyə əsas verir ki, Fransanın və digər ermənipərəst qüvvələrin arxasında dayandığı boykot çağırışları Azərbaycana mane ola bilmədi.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində bu gün jurnalistlərə açıqlamasında qeyd etdiyi kimi: "60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir".

Azərbaycanın dünyanın ən böyük tədbirinə artıq ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək baxımından olduqca böyük əhəmiyyətə malikdir. COP29 konfransı, həmçinin, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu bir xeyli artıracaqdır.

COP29-un baştutması və aparılan qarayaxma kampaniyalarının Qərbin bir işinə yaramaması Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini, eləcə də qlobal problemlərin həllində töhfə verdiyini bir daha özündə əyani göstərir. Bu, eyni zamanda Azərbaycanın son illər ərzində sürətlə artan beynəlxalq nüfuzunun bariz nümunəsi kimi də şərh edilə bilər. Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənəcəyi və diplomatik mövqeyinin möhkəmlənəcəyi qorxusu görünür Qərbdə müəyyən dairələrin yuxusunu indidən qarışdırıb.

Bu tədbir, Azərbaycan üçün qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsətdir. Düşünürəm ki, rəsmi Bakı bu zamana kimi digər beynəlxalq tədbirləri necə yüksək səviyyədə təşkil edibsə, COP29 da bu qəbildəndir və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında müstəsna əhəmiyyətə malik olacaq.

Beləcə, Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzu ilə yanaşı, ekoloji gündəliyə sadiqliyini növbəti dəfə nümayiş etdirmiş oldu. Bununla da Azərbaycan dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu da da gücləndirmək istiqamətində çox önəmli addım atdı.

Təhməz Əsəd

10:32 - 12 Noyabr 2024

Xəbər lenti