"Növbədənkənar Prezident seçkilərinin keçirilməsi müdrik tarixi qərardır" - Deputat

Bildiyiniz kimi cənab Prezidentin sərəncamı ilə gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Yeni reallıqlar fonunda verilmiş bu tarixi qərar ölkəmiz üçün yeni və daha qüdrətli bir dövrün başlanğıcı olacaqdır.

Vətən müharibəsində əldə etdiyimiz Şanlı Qələbə və sentyabr ayında həyata keçirilmiş uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin bütün ərazilərində keçiriləcək bu seçki suverenliyimizin və ərazi bütövlüyümüzün təsbiti olacaqdır. 20 illik fəaliyyəti dövründə xalqımıza verdiyi bütün vədləri yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müqəddəs bayrağımızı işğaldan azad edilmiş bütün bölgələrimizdə dalğalandırdıqdan sonra keçiriləcək bu seçkiləri Zəfər seçkisi adlandırmaq olar. Məhz cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, uzun illər davam edən işğaldan sonra ilk dəfə öz yurdlarına qayıdan vətəndaşlarımız doğma torpaqlarında seçki hüquqlarından istifadə edə biləcəklər.

Növbədənkənar Prezident seçkiləri dövlət başçımızın özünə inamının və xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Beləliklə də ədalətli və şəffaf rəqabət mühitinin yaradılması təmin edilmişdir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin narazılığı yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.

Bu gün Azərbaycan beynəlxalq arenada və regionumuzda söz sahibinə çevrilib. Hamımıza məlumdur ki, yeni reallıqlar yeni çağırışlar doğurur. Belə bir mürəkkəb qlobal şəraitdə verilən bu tarixi qərar cənab Prezidentin müdrikliyinin növbəti təzahürüdür. Əminəm ki, qalib xalqımız hər zaman olduğu kimi öz liderinin ətrafında sıx birləşəcək və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz yeni, ən qüdrətli dövrünə qədəm qoyacaq!

Deputat Emin Hacıyev

10:42 - 11 Dekabr 2023

Xəbər lenti