Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasət kursu yoxdur. Onlar qərarları ani verirlər və bu, xaricdən diktə olunur.
Titul.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Məsələ bundadır ki, Ermənistan de-yure Avropa Birliyinə gedir, amma de-fakto artıq BRİKS-dədir. Ermənistanın bütün proyektləri, iqtisadi layihələri BRİKS-lə bağlıdır. Bütün qonşuları da BRİKS-lə əməkdaşlığa can atırlar. Lakin hökumətin fəlakətli səhvlərindən biri Rusiya qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çəkmək olacaq. Hələlik bu qərar yoxdur, amma hakimiyyət Rusiya qoşunlarının Ermənistandan mərhələli çıxarılması imkanlarını istisna etmir”, - o bildirib.
Danielyan iddia edir ki, Ankara Rusiya qoşunlarının Ermənistanda olmasına öz sərhədinin müdafiəsi kimi baxır, çünki PKK terrorçularının buradan ölkəyə girməyəcəyinə inanır:
“Rus ordusunun gedişindən sonra Türkiyə Ermənistan ərazisində antiterror əməliyyatı keçirmək üçün legitim haqq əldə edəcək. Başqa sözlə, rus ordusu təkcə Ermənistanı Türkiyədən yox, həm də Türkiyəni PKK-dan qoruyur. Hazırda Qafqazda Rusiya, İran və Türkiyə arasında konsensus yaranır. Bu ölkələrdən birinin gedişi konsensusu pozacaq. Nəticədə ərazimizdə sözügedən ölkələr arasında böyük müharibə başlayacaq”. //Globalinfo.az
16:47 - 1 Noyabr 2024