Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Afaq Fatapura sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Titul.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bağça ilə bağlı səsləndirilən iddialar barəsində tərəfindən araşdırma aparılıb. Məktəbəqədər təhsil müəssisəsinin 2024-cü il ərzində olan fəaliyyəti yoxlanılıb və ciddi nöqsanlar aşkar edilib.
Əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz şəkildə icra etdiyinə və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçada uşaqların verilən yeməklərdə ciddi problemlərin olduğu, bağça müdirinin qanun pozuntularına yol verdiyi barədə iddialar yayılıb.
Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb.
11:46 - 29 Oktyabr 2024