Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Titul.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
Oktyabrın 25-də əsasən, Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
16:52 - 24 Oktyabr 2024