Dekabrın 5-də Şamaxı rayonu Göylər kəndi ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.
Titul.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə qəzaya uğrayan “BMW” markalı avtomobili yeni alıbmış. O, hadisə baş verən gün Bakıdan atası və əmisi ilə birgə yeni aldığı avtomobili sənədləşdirmək üçün qeydiyyatda olduğu Ağsu rayonuna yola düşüb.
Onlar Ağsu rayonunda BDYPİ-nin 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gedərək avtomobili sənədləşdiriblər. Saat 16 radələrində isə Tural əmisi və atası ilə birgə Bakıya qayıtmaq üçün Ağsunun Bico kəndindən yola çıxıb. Lakin az sonra Şamaxının Göylər kəndi ərazisində avtomobil aşaraq qəzaya uğrayıb.
Nəticədə 29 yaşlı sürücü ilə birgə atası 1965-ci il təvəllüdlü Xaləddin Mətiyev və əmisi 1970-ci il təvəllüdlü Sadiq Mətiyev aldıqları xəsarətlərdən vəfat ediblər.
10:29 - 8 Dekabr 2023