Xəbər verdiyimiz kimi, sahibkar və Ermənistan parlamentinin keçmiş deputatı Samvel Aleksanyanın Moskvaya girişinə qadağa qoyulub.
Titul.az axar.az-a istinadən xəbər verir ki, “24 Nyus” (24 News) saytı Rusiya hüquq-mühafizə orqanlarının onun milyardlarla rublla bağlı cinayət işləri çərçivəsində axtarışda olan Soçidən olan erməni iş adamı Ruben Tatulyanla (Robson) biznes ortaqlığını üzə çıxartdığını yazıb.
Digər iddialara görə isə Aleksanyanla Robson arasında biznes əlaqəsindən bəhanə kimi istifadə edilib, əslində isə onun Rusiyaya buxarılmamasının səbəbi tamam başqadır. Belə ki, Aleksanyan Rusiya Federasiyasında yaşayan azərbaycanlı sahibkar Qod Nisanova məxsus Moskvanın məşhur “Food City” topdansatış mərkəzini kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışıb. Nisanov Rusiya təhlükəsizlik dairələrində böyük əlaqələri və təsiri ilə tanınır. Samvel Aleksanyanın bu bazaları kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışdığını öyrənən Nisanov hüquq-mühafizə orqanlarından onun Rusiyaya girişinə qadağa qoyulması üçün səbəb tapmağı xahiş edib. Bundan sonra Aleksanyanla Robson arasında işgüzar əlaqələr ifşa edilib.
Daha bir iddia isə Aleksanyanın Paşinyanın partiyasını maliyələşdirməsidir. Bildirilib ki, Rusiyada bu, “dost olmayan rejimlərin maliyyələşdirilməsi” kimi qiymətləndirilib.
Qeyd edək ki, bir müddət əvvəl toyda iştirak etmək üçün ailəsi ilə bərabər Rusiyaya gedən Aleksanyan aeroportda saxlanılmış və geri qaytarılmışdı.
18:33 - 19 Oktyabr 2024