Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülüb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb. 2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat müəyyənləşdirilib. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılıb. Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu qanun layihələrinin qəbulu, təsdiqlənməsi və qüvvəyə minməsi Azərbaycan vətəndaşlarının həyatında, onların gəlirlərində nəyi dəyişəcək?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Medianews.az-a bildirib ki, növbəti ildə büdcə xərclərinin 43 faizə qədərini sosialyönümlü xərclər təşkil edəcək. Onun sözlərinə görə, bu, dövlətin vətəndaşına olan qayğısının gerçək təzahürüdür: “Ehtiyac meyarı və yaşayış minimumu kimi göstəricilərdən sosial yardımların təyin edilməsində, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında istifadə edilir. Bu göstəricilərin hər növbəti ilin büdcəsində yenidən baxılaraq artırılması, dövlətimizin vətəndaşlarımıza və xüsusilə də onların həssas qruplarına diqqətinin, qayğısının bariz nümunəsidir. Dövlət büdcəsinin xərclərinin strukturu da söylənilənləri bilavasitə təsdiq edir. Belə ki, növbəti ildə büdcə xərclərinin 43 faizə qədərini sosialyönümlü xərclər təşkil edəcək. Dövlət büdcənin sosialyönümlü xərclərinin 2020-ci ildəki 9 milyard 755,2 milyon manatdan 61,7 faiz və ya 6 milyard manatdan çox artırılması dövlətin vətəndaşına olan qayğısının gerçək təzahürüdür”.
İqtisadçı alimin sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin dövlət büdcəsinin icra göstəricilərindən 1 milyard 77,8 milyon manat və ya 31,1 faiz çoxdur: “Növbəti ilin büdcəsində sosial xərclərin əhalinin daha həssas qrupları üzrə də üstün artımları nəzərdə tutulur. Belə ki, gələn il vətəndaşlarımızın gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də insanlarımızın sosial cəhətdən daha həssas hesab edilən təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün 2024-cü ilin büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü ilin büdcəsində bu məqsədlər üçün ayrılmış vəsaitdən 649,6 milyon manat və ya 32,8 faiz çoxdur. Bütün bu göstəricilər bir daha sübut edir ki, dövlət növbəti il üçün öz büdcəsini tərtib edərkən həmişə olduğu kimi, bu dəfə də ilk növbədə vətəndaşını düşünüb və onun qayğılarını qarşılamağı özünün ən mühüm vəzifəsi hesab edibdir”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə Medianews.az-a açıqlamasında yaşayış minimumunun minimum istehlak səbətinin dəyərinin, eyni zamanda icbari ödənişlərin cəmindən ibarət olduğunu diqqətə çatdırıb. Onun fikrincə, bu, ona görə müəyyən edilir ki, dövlət sosial cəhətdən həssas qruplara ünvanlı sosial yardımlar verir: “Ünvanlı dövlət sosial yardımlarının formalaşmasında ehtiyac meyarları da minimum yaşayış səviyyəsinin təmin olunması üçün lazım olan meyarlardır. Məhz ünvanlı dövlət sosial yardımının məbləğinin müəyyən edilməsində bu göstəricilərdən istifadə edilir. Azərbaycan vətəndaşlarının gəlirlərində nəyin dəyişməsi sualına gəldikdə isə bu, məhz ünvanlı dövlət sosial yardımı alan həssas təbəqənin dövlətdən aldığı sosial yardımlar kateqoriyasında gəlirlərini artırır. Yəni bunun daha yuxarı səviyyədə əməkhaqqı, pensiya alan və digər təminatlarla özünü təchiz edən təbəqəyə hər hansı formada təsiri olmur. Nəzərə alaq ki, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımıdır. Bunun məbləği məhz sözügedən kateqoriyalar əsasında formalaşır. Burada yaşayış minimumu, ehtiyac meyarı bilavasitə məbləği təyin edir”.
01:30 - 7 Dekabr 2023