Nazirlikdə sektor müdirinin "pul" QALMAQALI BÖYÜYÜR: Nazpəri də narazılar sırasında...

 Nazirlikdə sektor müdirinin

Son günlər Mədəniyyət Nazirliyinin ətrafında yaranmış ajiotaj səngimək bilmir. Bir qrup tanınmış sənət adamının – müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların Mədəniyyət Nazirliyində Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyevaya qarşı sərt ittihamlar səsləndirməsi ictimai və mətbu diqqəti bu dövlət qurumuna yönəldib. 

Titul.az xəbər verir ki, sözügedən sənət, mədəniyyət və ədəbiyyat adamları sektor müdirinin ünvanına kifayət qədər sərt, hətta məhkəmə predimeti sayılan ittihamlar səsləndiriblər. Onlar Mənzər Nurəliyevanı sənət adamları arasında ayrıseçkilik salmaqda və istedadlı insanlara ögey münasibətdə günahlandırıblar.

Xanəndə Almaxanım Əhmədlinin atası, tanınmış şair, professor Vüqar Əhməd isə adıçəkilən məmura qarşı, sözün həqiqi mənasında “od püskürüb”. Vüqar Əhməd iddia edib ki, sektor müdiri dövlət tədbirlərində iştirak etmək istəyən sənət adamlarına “tas” qoyur. Onun sözlərinə görə, Azərbaycanda keçirilən dövlət tədbirlərində çıxış etmək istəyən müğənni 3, xaricdə təşkil olunan analoji tədbirlərdə oxumaq istəyən müğənni isə 5 min manatından keçməlidir.

Qeyd edək ki, bu iddialar səs-küysüz ötüşməyib. Mədəniyyət Nazirliyi sözügedən sektor müdirinin fəaliyyətini araşdırmağa başlayıb. Şair Vüqar Əhmədin dediyinə görə, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi onu, Almaxanım Əhmədlini və 20-yə yaxın şəxsi çağırıb, onların şikayətlərini dinləyib.

Vüqar Əhmədin ötən gün “Yeni Müsavat” qəzetinə verdiyi açıqlama isə, sözün həqiqi mənasında sensassiya sayıla bilər. Professor belə deyib:

“Mədəniyyət Naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Amma onun Mənzər xanıma gücü çatmır”.

Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov da Mədəniyyət nazirinin fəaliyyətini kəskin tənqid etmişdi. O, nazir Adil Kərimlini Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan şəxslərə, qocaman sənətkarlara, dünyasını dəyişmiş sənət adamlarına ögey münasibətdə günahlandırmışdı.

Qeyd edək ki, son günlər mövcud duruma etiraz edən mədəniyyət adamlarının sırası xeyli sıxlaşıb. Ötən gün Xalq artisti Nazpəri Dostəliyeva da “üsyançıların” sırasına qoşulub. Xalq artisti “Künc-Bucaq” layihəsində Azərbaycan musiqisinin məhv olduğunu dilə gətirib. O, fəxri adı olan sənətkarların indiki xaos vəziyyətində sürətlə hörmətdən düşdüklərini deyib. Nazpəri Dostəliyeva sözügedən müsahibəsində Adil Kərimlinin rəhbərlik etdiyi qurumun fəaliyyətini də açıq şəkildə tənqid edib: “Mədəniyyət Nazirliyində o qədər insan var ki, onların heç biri bu ifaçılara iradları bildirmir”. /Yenisabah

05:01 - 16 Oktyabr 2024

Xəbər lenti