Rusiya təşəbbüsü ələ alır...
Təbii ki, söhbət Ermənistandakı mövqeyindən gedir. Rəsmi Moskva bunu heç kəsin gözləmədiyi bir vaxtda etdi, şimal qonşumuz Ermənistanı yenidən qanadları altına alaraq ona "atalıq" edəcəyinə inandırdı.
Təbii ki, bu məsələnin öhdəsindən Rusiya təkbaşına gəlmədi. Burada gözə görünməyən əsas bir qüvvə var ki, onun adı Azərbaycandır!
Məlumdur ki, bugünlərdə 4-cü ildönümünü yaşadığımız 44 günlük Vətən müharibəsindən sonra Fransalı Qərb, ABŞ xüsusilə Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün canfəşanlıq nümayiş etdirirlər. Hətta iş o yerə gəlib çatdı ki, ən nikbin rusiyalı siyasət adamları belə artıq Ermənistanın Rusiyanın qolları arasından çıxıb Qərbin qucağına qaçdığı fikirləri ilə barışmaqda idilər. Lakin proseslərin əsl mənzərəsi 8 oktyabrda Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasından sonra üzə çıxdı.
Məhz bu səfərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Zəngəzurdan keçən yola nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etmədiyini sözlərinə əlavə etdi. Bəli, səhv eşitmədiniz! Bu, Nikol Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər.
Halbuki o zamana kimi Ermənistan baş naziri Zəngəzur dəhlizinə nəzarət məsələsində Qərbin iştirakı üçün rəsmi Moskva ilə kəllə-kəlləyə gəlməyi də gözə almışdı və hər iki ölkənin diplomatik korpusu arasında münasibətlər özünün ən gərgin dövrünə qədəm qoydu. Lakin hər şey bir Moskva səfəri ilə dəyişdi. Bəs bu qərarın səsləndirilməsi birbaşa Moskva səfəri iləmi bağlıdır? Təbii ki, xeyr!
Azərbaycana qarşı son zamanlar Qərbdən artan təzyiqlər, qarayaxmaların ardı-arasının kəsilməməsinə baxmayaraq rəsmi Bakı hər zaman olduğu kimi bu dəfə də bu hücumları qətiyyətlə, səbrlə dəf etdi, bunun öhdəsindən təkbaşına gəldi. Təbii ki, təzyiqlərin əsas səbəblərindən biri rəsmi Bakının İrəvana təklif etdiyi sülh gündəliyində Ermənistanın istəklərinin nəzərə alınması məsələsi dayanırdı. Çünki İrəvan Bakının "Konstitusiyandan ərazi iddialarını özündə əks etdirən müddəaları çıxart, sülh imzalayaq" tələbinə razılıq verəcəyi halda bu gün Qərb Azərbaycana təzyiq planında əsas məsələ kimi önə çəkdiyi "Bakıda saxlanılan separatçılar hərbi əsirdir" donu geyindirmək cəhdlərinin üstündən xətt çəkmiş olacaq. Bu da Fransalı Qərb və ABŞ-ın Azərbaycana təzyiq üçün rıçaqının əlindən çıxması mənasına gələcək.
Amma Qərbin ağlına gəlməyən başına gəldi. Ermənistan rəsmi Moskavanın ardınca Bakı ilə də bacara bilməyəcəyini dolayısı ilə etiraf etdi. Ötən gün Ermənistan prezidenti Vaaqn Xaçatryanın “Armenpress” və “Şant” telekanalına müsahibəsi zamanı dediyi "Ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq", açıqlaması məhz Ermənistan rəhbərliyinin Bakının təzyiqləri qarşısında "duruş" gətirə bilmədiklərinin etirafıdır.
Rəsmi Bakı ona qarşı müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları təşkil edən, təhdid və təzyiqlərindən əl çəkməyən Qərbin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları mövzusunda vasitəçilik təşəbbüslərinə artıq zərrə qədər də inanmır, güvənmir. Bu səbəbdən dolayı iki variant arasında seçim etməli olarsa, Azərbaycan daha səmimi görünən Şimal qonşumuzun Cənubi Qafqazdakı proseslərin içində qalmasının tərəfdarı kimi görünür.
Bakının qərarında yanılmadığına da bu qısa zaman kəsiyində bir daha əmin olduq. Ermənistan prezidenti Vaaqn Xaçatryanın Aşqabada Rusiya lideri Vladimir Putinlə eyni təyyarədə uçması və bu səfərdən sonra Xaçatryanın belə bir fikir səsləndirməsi heç də təsadüfü açıqlama deyildi.
Görünür rəsmi Bakının təzyiqləri, Ermənistana qarşı sülh sazişi istiqamətində səsləndirdiyi bəyanatlar İrəvanda bu dəfə ciddi götür-qoy edilib. İstisna edilmir ki, son zamanlar Ermənistana Qərbdən, ABŞ-dən, Hindistandan daşınan öldürücü silahlar fonunda Azərbaycanın hərbi arsenalını gücləndirilməsinə ciddi diqqət yetirməsi və dövlət başçımızın Ermənistan hərbi-siyasi rəhbərliyinə təhlüksizliyimizə təhdid yaranacağı təqdirdə görüləcək tədbirlərlə bağlı xəbərdarlığı Ermənistanda daşları yerindən oynadıb.
İstisna edilmir ki, İrəvan Qərbin şirin vədlərinə aldanıb Azərbaycana qarşı yeni bir eskalasiya niyyətində olacağı təqdirdə bu dəfə onu heç kimin xilas edə bilməyəcəyini də düşünməyə başlayıb. Elə o səbəbdəndir ki, Ermənistan rəhbərliyi Qərbin əlindən Azərbaycana qarşı olan təzyiq rıçaqını məcbur qalaraq almış oldu. O da istisna edilmir ki, məhz təyyarədə yol yoldaşı Vaaqn Xaçatryana Azərbaycanla sülh sazişi imzalamadan Qarabağ ermənilərinin ora qayıdışı məsələsini unutmaqlarını diqqətə çatdırıb. Görünür Kreml rəhbəri Prezident İlham Əliyevin bu məsələdəki tələb və istəyini rəsmi İrəvana dəqiqliklə çatdırıb.
Putinin bu "vasitəçilik" təşəbbüsü şübhəsiz ki, Azərbaycan dövlətinin gücündən irəli gələn məsələdir. Rəsmi Bakı bir daha Rusiya və Qərbə nümayiş etdirdi ki, Cənubi Qafqazda istənilən proses öncə Azərbaycanla razılaşdırılmalı, Azərbaycanı regiona aid heç bir məsələdə kənar qoymaq mümkün olmayacaq. Azərbaycan öz istək, tələb və şərtlərini diqtə etdirməyi bacardığını növbəti dəfə lazımı dairələrə nümayiş etdirdi. Bakı eyni zamanda İrəvanla sülh danışıqları mövzusunda indiki vəziyyətdə kimə "pas" ötürməyi yaxşı bildiyini növbəti dəfə göstərdi.
03:53 - 14 Oktyabr 2024