Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev həbs edilib.
Bunu Titul.az-ın sorğusuna cavab olaraq, hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - deyə bildirilib.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.
20:42 - 11 Oktyabr 2024