AFFA Region Liqasında çıxış edəcək "Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaq.
Titul.az xəbər verir ki, bu barədə "Report"a yeni yaradılan komandanın icraçı direktoru Vasif İsmayılov məlumat verib.
O, "Xankəndi"nin 2024/2025 mövsümünə ciddi hazırlaşdığını bildirib:
"Yeni baş məşqçi ilə bir çox məsələlərdə razılıq əldə etmişik. Xırda detallar həllini tapdıqdan sonra onun keçidi rəsmiləşəcək. İbrahim Uzunca ilə daha əvvəl "Füzuli" komandasında bərabər çalışmışıq. Azərbaycan minifutbol yığmasının heyətində çıxış edən oyunçuları heyətimizə cəlb etmişik. Bundan başqa, "Qəbələ" akademiyasının yetirməsi olan Kamil Nəzərli də artıq bizimlə olacaq. Hədəfimiz mövsümü qalib kimi başa vurmaq və II Liqada çıxış etməkdir".
Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.
17:38 - 9 Oktyabr 2024