Azərbaycanda uşaqlar arasında virus yayılıb - XƏBƏRDARLIQ!

 Azərbaycanda uşaqlar arasında virus yayılıb - XƏBƏRDARLIQ!

Son vaxtlar Azərbaycanda uşaqlar arasında sürətlə yayılan virus valideynlər arasında ciddi narahatlıq yaradıb.

Titul.az baku.ws-ə istinadən xəbər verir ki, uşaqlarda qızdırma, ishal, qusma və ümumi halsızlıq kimi simptomlarla özünü göstərən bu virus, məktəb və bağçalar da daxil olmaqla müxtəlif məkanlarda sürətlə yayılma qabiliyyətinə malikdir.

Ölkədə azyaşlılar arasında yayılan bu xəstəlik hansı virusdur? Bu virusdan necə qorunmaq olar? Müalicə zamanı nələrə diqqət yetirmək lazımdır?

Bu suallara cavab tapmaq üçün tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış professor açıqlamasında bildirdi ki, bu gün epidemioloji vəziyyət nisbətən qarışıqdır:

"Koronavirusun davam edən ştamları, enterovirus infeksiyası, rotaviruslar və qrip halları vəziyyəti xeyli çətinləşdirib. Bütün bu viruslar uşaqlar və böyüklər arasında qarışıq mənzərə yaradıb.

 

 

Rotavirusların bu gün uşaqlar arasında geniş yayılması müşahidə edilir. Təəssüflər olsun ki, böyüklər arasında da buna rast gəlinir. Adətən rotavirusa uşaqlar 5 yaşına qədər ən azı bir dəfə tutulur. Bu zaman ishal, qarın getmə, ürəkbulanma, qusma, iştahın kəsilməsi, ümumi taksikasiya əlamətləri olur.

Belə situasiyalarda əgər uşaqlarda ishal və qusma varsa, valideynlər ev şəraitində görəcəkləri ilk yardım övladlarının çoxlu maye qəbul etməsinə nəzaərt etməlidir. Çünki uşağın su elektrolit tutumu azdır və hər dəfə bayıra getdikdə ishal zamanı xeyli su və elektrolit itirir.

Uşaqlara hansı dərmanların verilməsi sahə həkimlərinə müraciət edildikdən sonra dəqiqləşdirilməlidir. Həkim nəzarəti olmadan hər hansı dərman qəbul etmək məsləhət deyil. Ümumiyyətlə, yaxşı olar ki, bu uşaqlar yataq rejimində olsunlar. Çox hərəkət etməsinlər. Çünki təkrar soyuqdəymələr xəstəliyi ağırlaşdıra bilər".

Qeyd edək ki, rotavirus infeksiyası zamanı mədə-bağırsaq traktı həssas olur və tez-tez tualetə getmək uşağın su və elektrolit itirməsinə səbəb olur. Bu səbəbdən qidalanma çox diqqətlə seçilməlidir. Rotavirus zamanı aşağıdakı qidalanma məsləhət görülür:

Maye qəbulunu artırın:

  • Təmiz su: Çox vacibdir, lakin tək su bədəndəki duzları və mineralları bərpa etməyə kifayət etməyə bilər.
  • Təbii meyvə şirələri: Alma suyu kimi şəkərsiz və təbii meyvə şirələri faydalıdır. Portağal suyu kimi turşulu şirələrdən qaçın.
  • Təzə bulyon: Duzlu, şəffaf bulyonlar həm suyu, həm də duz ehtiyacını qarşılayır.

Yüngül və həzmə asan qidalar:

  • Banana: Bananda kalium çoxdur, bu da ishal zamanı itirilən elektrolitləri bərpa edir.
  • Ağ düyü: Sadə, yağsız ağ düyü mədə üçün asan həzm olunur və ishalı yüngülləşdirə bilər.
  • Alma püresi: Bu mədə-bağırsağı sakitləşdirir və tərkibindəki pektin ishalı azalda bilər.

11:04 - 9 Oktyabr 2024

Xəbər lenti