Sumqayıt Şəhər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Titul.az pravda.az-a istinadən bildirir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elvin Ağazadə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Elvin Ağazadə etibarnamə əsasında idarə etdiyi və anasına məxsus olan "KIA Rio" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq, 4 gün sonra həyatını itirib.
Məhkəmədə Elvin Ağazadə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində deyib ki, Azərbaycan Texniki Universitetində nəqliyyat mühəndisliyi və logistika ixtisası üzrə ali təhsil alır.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun övladı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumlarının birində direktor vəzifəsində çalışır. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini, bu səbəbdən də Elvin Ağazadəyə qarşı heç bir şikayətin və tələbinin olmadığını qeyd edib.
13:11 - 4 Oktyabr 2024