Ünvanlı sosial yardım hansı şəxslərə verilir? Bu yardım yardım təyin edilərkən ailə tərkibində olan hansı şəxslər nəzərə alınmır? Ölkəmizdə bu istiqamətdə hansı zəruri tədbirlərin görülməsinə ehtiyac var?
Titul.az xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov referans.az -ın suallarını cavablandırarkən deyib ki, ünvanlı sosial yardımın verilməsi Azərbaycanda ünvanlı sosial yardım haqqında qanunla tənzimlənir. Bu kimi yardıma o şəxslər iddia edə bilərlər ki, həmin şəxslərin orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvünün ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. Misal üçün şərti olaraq bir şəxs dörd nəfərlik bir ailədə yaşayır və bu şəxsin ay ərzində 500 manat maddi qazancı var. Bu halda ailədə hər adam başına düşən ehtiyac meyarını toplayanda bu ailəyə ünvanlı sosial yardım verilir.
Sahib Məmmədov onu da bildirib ki, belə ailələrdə 1 yaşına qədər körpə uşağı olanlar şəxslərə ünvanlı sosial yardım təyin olunur. Əgər uşaqlar ekizdirsə bu yardım ikiqat olur. Amma bu sosial yardımların alınması üçün xüsusi kriteriyalara cavab vermək lazımdır. Əgər şəxsin adına torpaq sahəsi varsa və həmin ərazidən istifadə etmək imkanı olduğu halda istifadə etmirsə və bu kimi məqamlarda bu yardımın alınması mümkün olmur. Buna görə də qanunda deyilir ki, şəxsin orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən ehtiyac duyulan məbləğdən aşağıdırsa o zaman bu şəxsin ünvanlı sosial yardım almaq kimi şansı var. Ümumiyyətlə bu yardımın alınması ilə bağlı bir çox konkret qaydalar mövcuddur.
Sahib Məmmədov onu da xatırladıb ki, bu qanun ölkəmizdə 2006-cı ildən qüvvədədir. Əvvəllər ölkəmizdə yalnız uşaqlara belə müavinətlər təyin edilirdi. Hazırda isə uşaqlarla birlikdə böyüklərə də ünvanlı sosial yardımlar verilir.
"Ümumilikdə Azərbaycanda uşaqlara yönəlik müavinətlərin sayı 11-dir. Bu sosial yardımlara isə əhali arasında "uşaq pulu" deyilir. Lakin bu yardım isə Azərbaycan Respublikasının Sosial Müavinətlər haqqında qanunla tənzimlənir",-deyə o qeyd edib.
19:53 - 2 Oktyabr 2024