“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımada həyata keçirdiyi yeniliklər ictimaiyyətdə maraqla qarşılanıb. ADY-nin noyabrın 1-dən dinamik qiymət siyasətinə keçməsi, 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulması və s. kimi qərarlar təqdir edilib.
Rəsmi məlumata görə şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cash back” tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.
Maraqlıdır, “cash back” sistemi ən çox istifadə olunan sərnişindaşıma sahələrində, avtobus və metrolarda da tətbiq edilə bilərmi?
Titul.az xəbər verir ki, referans.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda Dəmir Yolları ilkə imza atıb:
"Burada “cash back” məsələsi deyil, həm də əvvəlcədən bilet alan vətəndaşlara 15 faizlik güzəşt də nəzərdə tutulur. Dinamik qiymət siyasətinə keçid edilib. Bizdə qiymətlər həmişə statik, yəni dəyişməz olur. Bu kifayət qədər ciddi rəqəm edir. Çünki “cash back” 3 faiz, aldığın karta geri qayıdır. Bir ay müddətində bileti alanda da 15 faiz ucuz alırsan. Təqribən 20 manatlıq bilet alırsansa, 4 manata yaxın pul, 3 manat 90 qəpik sənə geri qayıdır. Ümid edirik ki, digər nəqliyyat sahələrində belə yanaşmanın tətbiq olunmasına başlanılacaq. Çünki dünyada artıq bu çoxdan tətbiq olunur. Biz illərdir dəfələrlə təklif etmişik ki, nəqliyyatda gediş haqqı birdəfəlik gediş haqqı kimi olmasın. Nədənsə bizdə sərnişindaşımada qiymət artanda birdəfəlik gedişatın qiymətinə indekslənirlər. Amma, elə olmamalıdır. Dünyanın hər yerində zamana bağlı bilet sisteminə keçiblər. Nəqliyyatın bütün növlərindən istifadə hüququ verən bir saatlıq, bir günlük, bir həftəlik, bir aylıq, altı aylıq, bir illik bilet sistemi var. Bu həm vətəndaşlar üçün, həm də şirkətlər üçün daha sərfəlidir. Birdəfəlik gediş xidməti bahadır. Metropoliten və ya hansısa avtobus şirkətini götürsək, 100 min bilet satsa, ilin əvvəlindən büdcəsinə təqribən 10 milyonlarla manat vəsait daxil olacaq. Bu da il ərzində işini daha rahat planlaşdırmağa imkan yaradacaq. Avadanlıqlar, ehtiyat hissələri alacaq, təmir işlərini öncədən görəcək".
Ekspert bildirir ki, digər sərnişindaşımada da bu sistemə keçməyə ehtiyac var. Metro və avtobus biletlərinin birləşdirilməsi və zamana bağlı bilet satışının həyata keçirilməsi çox vacibdir:
"Azərbaycanda tələbələrə, təqaüdçülərə, məktəb şagirdlərinə əlavə güzəştlər olmalıdır. Məsələn, adi insanların aldığı biletlərlə, bu insan kateqoriyasına aid olanların biletləri arasında 50 faiz fərq olub. Mənə elə gəlir ki, zamana bağlı bilet sisteminə keçsək, effektli olacaq. Bu biletlərin digərlərindən fərqi budur ki, gün ərzində bir dəfə ya beş dəfə nəqliyyat vasitəsinə minəndə gediş haqqı 20 - 25 qəpiyə düşür. Əgər kart sistemi ilə biletlərin satışı həyata keçiriləcəksə, avtobus və metrolarda da “cash back” sisteminə keçid olacaq. Azərbaycan Dəmir Yolları bu sistemə keçibsə, deməli, Azərbaycanda buna imkan və fürsətlər var və digər sahələrdə də bunu etmək mümkündür".
18:27 - 1 Oktyabr 2024