Bakıdan İrəvana "44" işarəlik MESAJ - Ermənistan auksiona çıxarıldı

 Bakıdan İrəvana

Azərbaycanın "yol xəritəsi" açıqlanıb. Bunu ötən gün yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev bəyan edib. Dövlətimizin başçısı açıq-aşkar qeyd edib ki, qarşımızda duran birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır:

"Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".

Dövlətimizin başçısı çox aydın şəkildə bəyan etdi ki, Azərbaycanın hərbi gücü olmasa, heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.

Bəli! Necə ki, 30 illik işğal bunu əyani şəkildə göstərdi. Hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Qeyd edildiyi kimi 30 illik işğal dövründə verilən boş vədlər, kağız üzərində qalan beynəlxalq hüquq anlayışı bir dəfə də olsun işə düşmədi, işğalçıya gözün üstə qaşın var deyən olmadı. 44 günlük müharibədən sonra amma məlum oldu ki, əvəzində ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri "tursit diplomatiyası" həyata keçirməklə Ermənistanın işğalçılığını legitimləşdirməyə çalışıblar. 

Bunu İkinci Qarabağ müharibəsi ilə Azərbaycan ordusunun, xalqının öz müqəddəratını həll etməsindən sonra rəsmi Bakıya olan təzyiqlər daha aydın şəkildə göstərmiş oldu. Günbəgün də beynəlxalq hüquq, ədalət anlayışı tamamilə sarsılmağa doğru gedir. Bir zamanlar dünyada mövcud olan təhlükəsizlik arxitekturası indi "dünya necə tarac olur-olsun" deyən nəhəng dövlətlərin bu anarxist idarəçiliyi nəticəsində faktiki olaraq kökündən sarsılmağa doğru gedir. 

Günbəgün dünyada “Kim güclüdür, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyini nəzərə alsaq, Azərbaycan Prezidentinin dünən qarşımızda duran birinci nömrəli vəzifənin hərbi gücümüzün artırılması olduğu fikirlərinin nə qədər məntiqli və verilmiş düzgün qərar olduğu bir daha təsdiqini tapır. Azərbaycana qarşı artan təzyiqlər, onun regiondakı mövqeyinin zəiflədilməsi planları ortalıqda. Bunu sözügedən ermənipərəst qüvvələr məhz Ermənistan üzərindən gerçəkləşdirmək üçün fəallıqlarını hər ötən gün daha da artırırlar. Bu fəallıq istər Ermənistandakı revanşsit qüvvələrin Azərbaycana qarşı yeni hərbi əməliyyatlara körüklənməsi, istər qondarma rejim ünsürlərinin təzədən baş qaldırması, ərazi iddialarını gündəmə qaytarması, istərsə də Ermənistanın hərbi və iqtisadi gücünün artırılması istiqamətində ona edilən milyardlarla ölçülən yardımlar fonunda daha aydın nəzərə çarpır. 

Bütün bunlar Ermənistan hərbi-siyasi rəhbərliyini Azərbaycanla yekun sülh sazişindən yayınmağa vadar edir. Görünür İrəvan yenidən ümidlənir ki, havadarlarının köməyi, dəstəyi hesabına Azərbaycanın biləyin bükə biləcək. Elə bundan irəli gələrək də Ermənistanda revanşist qüvvələr təzədən baş qaldırır. Bugünkü Ermənistan hakimiyyətinin son davranışlarını, sülh paketini manipulyasiya etmək üçün zaman qazanmaq cəhdlərini nəzərdən keçirəndə, onların həqiqətən bu fikirlərlə, bu xülyalarla yaşadığını duymaq mümkündür. 

Nikol Paşinyan hakimiyyəti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmir. Bunu onların işləri, qərarları, yürütdükləri siyasətləri göstərir. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanmasına çalışılması, konstitusiyadan ərazi iddialarını özündə ehtiva edən müddəaların yer aldığı bəəndlərin çıxarılması istiqamətində praktik addımların sezilməməsi bu qənaətə gəlmək üçün kifayət qədər böyük arqumentdir.

Bu gün Qərin, ABŞ-nin, Hindistanın hərbi yardımını arxasında hiss etdikcə daha da özündə "cəsarət tapan" İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək üçün yeni eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədəcəyi istisna edilmir. Lakin Prezident Əliyev ötən gün Milli Məclisdəki çıxışında bir daha Ermənistana və havadarlarına lazımı mesajı verdi:

"Əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".

Ermənistan hakimiyyəti üçün Qərbin vədləri, hərbi təchizatından daha önəmli Prezident İlham Əliyevin açıqlamaları olmalıdır. Çünki bu zamana kimi Azərbaycanın dövlət başçısının sözünə nə qədər sadiq olduğunu Qərbdən daha çox elə Ermənistan şahid olub və onu praktik olaraq hiss edib. Əgər rəsmi İrəvan yenidən özünü qurbanlıq qoyun kimi apararsa, Azərbaycan bütün imkanlarından istifadə edərək, istənilən təhlükənin qarşısını alacaq. Bunun üçün Ordumuz həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə tam hazır vəziyyətdədir.

Təhməz Əsəd

 

 

11:41 - 24 Sentyabr 2024

Xəbər lenti