Bakıda tanınmış müğənni Nəfəsin avtomobilindən pul oğurlayan şəxsə hökm oxunub.
Oğurluq hadisəsi 1984-cü ildə Ağdaş rayonunda doğulmuş Cavid Əkbərov (ad-soyad şərti) tərəfindən törədilib.
Cavid Əkbərov əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilib. Azadlığa çıxdıqdan sonra şəhərdə corab və salfet satmaqla ailəsini dolandırıb.
Titul.az xəbər verir ki, Cavid Əkbərov ifadəsində bildirib ki, yol kənarında olan zaman "Range Rover" markalı avtomobilə yaxınlaşaraq müğənni Nəfəsdən salfet almasını və maddi imkanı aşağı olduğu üçün ona köməklik etməsini xahiş edib. Müğənni onun xahişini rədd edərək, oradan uzaqlaşıb. Daha sonra həmin ərazidə gəzərkən Nəfəsin avtomobilinin arxa sol şüşəsinin açıq olduğunu görüb. Həmin şəxs bundan istifadə edərək maşındakı əl çantasının içərisində olan 6 min manat pulu götürüb və ərazidən uzaqlaşıb.
Nəfəs Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bildiyinə görə ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməyib. Xanım müğənni yeni mahnı yazdırmaq məqsədi ilə oğurluq hadisəsi olan ünvanda yerləşən studiyaya gəldiyini, avtomobilini çoxmərtəbəli binanın qarşısında saxladığını və şüşəni bağlamağı unutduğunu bildirib. Geri qayıdarkən çantanın içərisində pulun olmadığını görüb.
Məhkəminin qərarı ilə Cavid Əkbərov Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. / qaynarinfo.az
15:01 - 1 Dekabr 2023