Azərbaycan özünü daim regionda və dünyada sülh tərəfdarı kimi göstərib, bu gün də eyni maraqlardan çıxış edir. Bu mənada Azərbaycanı regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün, eləcə də təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməsi ilə xüsusilə fərqləndirmək olar.
Məhz bunun sübutudur ki, rəsmi Bakı beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində beynəlxalq və regional əməkdaşlığı inkişaf etdirilməsi istiqamətində fəallığını əsirgəmir. Bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir.
Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycana qarşı beynəlxalq güclərin bir çoxu məhz bu prizmadan yanaşır və sülh, sabitlik, beynəlxalq təhlükəsizlik məsələlərində destruktivliklərindən əl çəkmirlər. Məhz bunun göstəricisidir ki, Ermənistan hər vəchlə silahlandırılır, ona konstitusiyasında işğalçılığı təşviq edən müddəaların yer aldığı bəndlərin çıxarılması istiqamətində ən xırda belə təzyiq və bəyanata rast gəlmək mümkün deyil.
Bu gün fakt faktlığında qalır ki, Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir. Nəticə etibarilə bu, İrəvanı aqressivliyə təşviq edir və nəticədə Cənubi Qafqazda növbəti eskalasiya riskinin artırılması üçün zəmin hazırlanır.
Yenə Qərbin şirin nağıllarına qulaq asan İrəvan geosiyasi reallığı unudur, vədlərə arxayınlaşaraq verdikləri qərarların hansı facilərlə üzləşmələrinə səbəb olduğunu yaddan çıxarırlar.
Halbuki Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasının Azərbaycan üçün hansısa fundamental dəyişikliyindənsə Ermənistana daha çox fayda verəcəyi istisna edilmir. Demək olar ki, bu tarixi sülh sazişi imzalanacağı təqdirdə Ermənistanı tamamilə yeni dönəm gözləyir:
1. Türkiyə ilə sərhədlər açılacaq, bununla da 30 illik blokada aradan qalxacaq.
2. Ermənistanın Avropaya inteqrasiyası sürətlənəcək ki, bu da Ermənistana Rusiyanın təsirinin azaldılmasına gətirib çıxaracaq. Nəticədə böyük miqdarda Qərb sərmayəsinin ölkəyə yatırılacağını indidən güman etmək olar.
3. Ermənistana indi yuxu kimi görünən Avropa İttifaqına qəbul olunmaq məsələsi daha da sürətli vüsət ala bilər.
Lakin biz indi bu sadalanan vacib məqamlar fonunda Ermənistanın hazırda Qərb və Rusiyanın mübarizə poliqonuna çevrildiyinə şahidlik edirik. Ermənistan üçün belə bir imkanların real göründüyü bir zamanda rəsmi İrəvan kənar müdaxilələrin təsiri nəticəsində yenidən "korruziyaya" uğrayır. Bu səbəbdəndir ki, hazırda Ermənistan hakimiyyəti oyunpozanlıqla məşğuldur.
İrəvan hazırki reallıqda hərbi və siyasi baxımdan Moskvadan uzaqlaşmağa nail olsa belə, onun iqtisadi baxımdan Rusiyanın orbitindən kənar düşmək şansı sıfra bərabərdir. Bunu nəzərə alaraq Ermənistanın Rusiya ilə bütün körpüləri yandıracağı heç inandırıcı görünmür.
Təkcə onu demək yetər ki, Rusiyanın sanksiyalardan yayınmasından Ermənistan 7 milyard dollara yaxın gəlir əldə edib. Ermənistan eyni vaxtda həm ABŞ-a, həm də Rusiyaya xidmət edir, öz maliyyə-iqtisadi və hərbi-siyasi maraqlarını təmin etməyə çalışır. Rəsmi İrəvanın bu “paralel manipulyasiya”sından ABŞ-Qərb tandeminin yoxsa, Rusiyanın daha çox faydalandığı hələ bilinməsə də, bir şey gün kimi aydındır ki, Ermənistan 20-30 il əvvəl necə idisə, bu gün də "kölə siyasətinə" sadiq qalmaqla ölkəni daha da xilası mümkünsüzə çevrilən uçuruma sürükləyir.
Cənubi Qafqaz uğrunda Qərb-Rusiya mübarizəsində rəsmi İrəvan xidmətçi funksiyasını yerinə yetirirsə, bu qədər təzyiqlər fonunda geri çəkilməyən, mövqeyində qətiyyətli olan disiplinli rəsmi Bakı görürük. Azərbaycan istər 30 illik işğal dövründə, istər 44 günlük müharibənin gedişində, istərsə də ondan sonrakı dönəmdə daim Qərbin ikitirəliyi, separatizmə dəstəyinin şahidi oldu. Heç bir təzyiq qarşısında baş əyməyən Azərbaycan dövləti mövqeyini daha da gücləndirdi, özünü regionun əsl sahibi kimi apardı.
Bu barədə məsələyə dövlət başçımız Xankəndidə Qarabağ Universitetinin təmir və bərpadan sonra açılışı mərasimində çıxışı zamanı çox ömnəmli mesajlar verdi, bəzi məsələləri yenidən xatırlatdı:
"Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın... Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə".
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün bu planları Azərbaycan dövləti və xalqı bir olub, darmadağın etdi, alt-üst etdi. Bəlkə də bunu bacaran yeganə xalq olduq ki, dünyanın aparıcı gücləri qarşısında sınmadıq, əzilmədik, özümüzü əzdirmədik. Bu gün də dövlətimizin yürütdüyü xarici siyasət deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu sürətlə artır, bir çox qlobal məsələlər belə artıq Azərbaycanla hesablaşılır.
Yaxşı olar ki, Nikol Paşinyan hakimiyyəti gözünü dörd açıb bölgədə və regionumuzdakı prosesləri daha ayıqbaşla analiz etsin, kimin hansı yerdə olduğunu, nəyə qadir olduğunu bir daha təzədən nəzərdən keçirsin. Çünki əksi Ermənistan üçün daha böyük faciələrlə yekunlaşa bilər.
Titul.az xəbər portalı üçün
12:20 - 23 Sentyabr 2024