ABŞ Kremlin Zəngəzur planını ÖYRƏNDİ - Blinkenin Əliyevə zənginin PƏRDƏARXASI

 ABŞ Kremlin Zəngəzur planını ÖYRƏNDİ - Blinkenin Əliyevə zənginin PƏRDƏARXASI

ABŞ Rusiyanın etdiyi gedişin arxasındakı planı öyrənib. Söhbət iki gün öncə “Caliber”in Rusiyanın Ermənistana silah sursat tədarükü bərpa etdiyini və Smerç MLRS üçün çoxlu sayda raket göndərdiyi barədə məlumata əsaslanan proseslərdən gedir.

Şimaldan Ermənistana silah tədürükünün arxasındakı plan heç də Kremlin Paşinyanın qara qaşına, qara gözünə yenidən aşiq olması ilə bağlı deyil. Rusiya yaxşı anlayır ki, rəsmi İrəvan onun orbitindən çıxaraq Qərbin qucağına qaçmaq üçün hər şey etməyə hazırdır. Bu qənaətə geridə qalan proseslərə nəzər salanda da gəlmək mümkündür. 

Özü də bu proseslər Rusiyanın Ermənistanda günbəgün zəifləyən mövqeyi fonunda baş verir.. Zəngəzur dəhlizi də daxil olmaqla Moskva ilə İrəvan arasındakı məsələlərə nəzər saldıqda belə düşünmək olar ki, ötən illərdə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda müzakirələr aparılmasına rəğmən, mövcud reallıqlar fonunda, Moskva daha İrəvana təzyiq edərək, diplomatik yollarla Zəngəzur dəhlizinin müzakirəsini davam etdirə bilmir. Rusiya yenidən İrəvana diplomatik təzyiq etməyə çalışsa da bunu bacara bilməyəcəyini özlüyündə artıq qəbul etməkdədir.

Buna görə də Rusiya Ermənistanın da ağlına gəlməyəcəyi variantı seçdi:

- Ermənistana silah ötürməklə "Biz sizdən əl götürmədik, hər zaman sizə dəstək verdik, bu gün də bu belədir" görüntüsü yaratmaqla Ermənistan siyasi elitasında itən nüfuzunu, etibarını bərpa edə biləcəyini düşünür.

- Rusiya Cənubi Qafqazda nəzarəti hər zaman olduğu kimi indi də ancaq qan tökdürməklə ələ ala biləcəyi düşüncəsindədir. 

Ağ Ev Kremlin bu niyyətini görünür diplomatik kanallar vasitəsi ilə daha tez duydu və Rusiyanın Ermənistanı yenidən silahlandırdığı ərəfədə ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng etməyin vacibliyini hiss etdi:

1.  Aparılan telefon danışığından da aydın görünür ki, rəsmi Vaşinqton Rusiyanın buraxdığı bu ciddi boşluqdan yararlanaraq dərhal regionun lider dövləti olan, günbəgün gücünə güc qatan, Avropanın və Avrasiyanın əsas enerji ixracatçısına çevrilən, beynəlxalq əhəmiyyətli loqistika qovşaqlarına sahib Azərbaycan qarşısında "tezliklə sülh sazişinin imzalanması üçün nə köməklik lazımdır etməyə hazırıq" görüntüsü yaratmaqla özünə divident qazanmaq barədə düşünür. 

Blinken bu addımı ilə Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə - çox yaxın aylarda imzalanması marağında olduğunu göstərmək istədi.

2. Heç şübhəsiz ki, Blinkenin birdən-birə yenidən Bakı-İrəvan dialoquna bu qədər önəm verməsi Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından da irəli gəlir. İstisna edilmir ki, Vaşinqton da bu dəhlizin açılmasında maralıdır. Lakin ABŞ-ni burada narahat edən məqam 2020-ci il 9 noyabr Bəyannaməsində qeyd edilən -Bu nəqliyyat dəhlizinin Rusiyanın nəzarətində olması məsələsidir. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi qəti şəkildə ABŞ-nin maraqlarına cavab vermir.

Amma ABŞ-nin Bakı-İrəvan dialoqundakı canfışanlığı heç də səmimi görünmür.  Çünki, bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, Nikol Paşinyan hakimiyyətini Konstitusiyada zəruri dəyişiklik (Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəların çıxarılması) etməsi üçün təzyiq göstərməlidir. 

Vaşinqton və eləcə də Qərb Bakını nə dərəcədə səmimi olduqlarına inandırmaq üçün digər vacib məqamlara da yenidən nəzər salmalıdırlar. Necə ki, bunu ötən gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bir daha ön plana çıxardı:

"İşğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.

Bəli, təəssüflər olsun ki, bu gün Azərbaycana və Ermənistana yanaşmada ABŞ-QƏrb tandemi nəyinki haqqın tərəfindədir, heç tarazlığı da qorumaq barədə düşünmürlər. Faktiki olaraq 30 illik işğal dövründə Ermənistanı işğala son qoymağa çağırmayanlar, bu "missiyanı" indi ayrılan milyonlarla dollar qrantlar, edilən saysız-hesabsız hərbi yardımlarla davam etdirirlər. Regionla bağlı belə ikili münasibətlər davam etdiyi təqdirdə hansısa sülh sazişindən, sabitlik və inkişafdan danışmaq absurddur. 

Titul.az xəbər portalı üçün

Təhməz Əsəd

10:58 - 19 Sentyabr 2024

Xəbər lenti