44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycan tərəfi beş baza prinsipi olmaqla Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması təklifi ilə çıxış edib. Bu faktın özü düşünmək üçün kifayət qədər böyük əsasdır ki, rəsmi Bakı bölgədə növbəti eskalasiyanın tamamilə əleyhinədir və Azərbaycan hər zaman danışıqlar prosesinin davam etdirilməsində maraqlı tərəf olub.
Qarşı tərəf də bunu Azərbaycan qədər istəyirmi?
Əslində İrəvandan səsləndirilən bəyanatlara diqqət yetirəndə rəsmi Bakının müsbət cavab aldığını düşünmək olar. Amma reallığa nəzər saldıqda görürük ki, Ermənistan siyasi hakimiyyəti bu məsələdə davamlı sülh sazişinin imzalanması istiqamətində hər hansı bir ciddi addımın, xoşməramlı təşəbbüsün sahibi deyil.
Nikol Paşinyan hakimiyyəti bu gün faktiki olaraq 2020-ci il 10 noyabr Bəyannaməsi ilə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozmaqla məşğuldur. Xüsusilə də Zəngəzur dəhlizi məsələsinin ətrafında Qərbin və digər qüvvələrin yaratdığı siyasi şou Ermənistan üçün manipulyasiya imkanlarını bir qədər də artırmaq şəraiti yaradır. İrəvana Qərbdən, ABŞ-dən, Hindistandan, eləcə də Rusiyadan ötürülən silahlar Paşinyan hakimiyyətinin dişininin dibində şirə buraxır kimi görünür.
O da görünür ki, rəsmi İrəvan Bakı ilə hərbi meydanda kəllə-kəlləyə gəlməyi gözə almaq niyyətindədir. Əslində bu vəziyyət Ermənistandan başqa hər kəsə sərf edir. Qərb və Rusiya bu gün Ukrayna cəbhəsində nə qədər bir-birinə düşmən kəsilsə də, Cənubi Qafqazdakı vəziyyətin idarəedilməsi məsələsində eyni qütbdə yer alıblar. Bu, 30 illik işğal zamanı da belə olub, bu gün də belədir.
Bu məsələdə Qərbin ermənipərəst siyasi dairələrinin aktivliyi xüsusi müşahidə olunmaqdadır. Qərbin Ermənistanla bağlı siyasəti olduğu kimi davam edəcək, çünki İrəvana dair artıq qərar qəbul edilib, sənədlər imzalanıb (aprelin 5-də Brüsseldə). Azərbaycan tərəfindən Ermənistana hərbi yardımların ediləcəyi ilə bağlı fikirlər səsləndiriləndə amerikalıların və avropalıların rədd etdikləri bütün məsələlər bu gün artıq icra edilir. Hadisələrin bu istiqamətdəki inkişafı isə Ermənistanı həm sülhdən yayınmağa, həm Cənubi Qafqazın yenidən paliqona çevrilməsinə, həm də üzərinə götürdüyü öhdəliklərdən imtinaya meyilləndirir.
Bu gün artıq sirr deyil ki, Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir. Aydındır ki, nə Qərb üçün, nə ABŞ üçün müqəddəs heç nə yoxdur. Belə olmasaydı yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrildiyi, ermənilərin yerləşdirdiyi bir milyon yarım minanın olduğu Azərbaycana mikroskopik yardımlar fonunda Ermənistanı qrant yağışına tutmaz, onun hərbi vəziyyətini gücləndirmək üçün belə əldən-ayaqdan getməzdilər.
Belə demək mümkünsə, indi Qərb və ABŞ bir vaxtlar Rusiyanın etdiyini Ermənistana edir. Yəni, 30 il ərzində Ermənistanı hər cəhətdən təmin etməyə çalışan aktorun adı Rusiya idi. Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün İrəvana lazım olan bütün resursları onun ixtiyarına vermişdi. İndi isə bir zamanlar Rusiyanın Cənubi Qafqazda malik olduğu üstünlüyə nail olmaq üçün Qərb və ABŞ Ermənistanı yenidən işğala körükləyir. Amerikalıların USAİD vasitəsilə yardımı ikiqat artırması, Ermənistanla birgə hərbi təlimlər keçirməsi və hərbi müşavirlərini Ermənistanda saxlaması, eləcə də Aİ sülh fondu vasitəsilə silahla təmin edilməsinin başqa adı ola bilməz. Aİ isə hər vəchlə Ermənistandakı missiyasını gücləndirir, Fransa da Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirən tərəf kimi fəallığını əsirgəmir.
Qərbin Ermənistana verdiyi dəstək təməllərində separatizmin dayandığı təcavüzkar siyasətə dəstəkdən başqa bir şey deyil. Ermənistan konstruktivlik göstərib götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirməyəcəyi təqdirdə Azərbaycan Ermənistanı regional layihələrdən kənarda qoyacaq, onun geosiyasi xətlərinin formalaşmasına mane olacaq. Çünki sülh müqaviləsi olmadan və antiazərbaycan kontekstində Ermənistana əl-qol açmağa imkan vermək özünə qəsd olar.
Qərbin aqressivliyə təşviq etdiyi İrəvan regionun problemlərinin həllinə töhfə vermək əvəzinə, mövqelərini sərtləşdirərək aqresiya nümayiş etmiş olacaqsa, rəsmi Bakının daha sərt üzünü görəcək. Buna mane olmağın yeganə yolu Ermənistan siyasi rəhbərliyinin şüuru, düşüncə və təfəkküründə intibah etməsindən keçir. Rəsmi İrəvan anlamalıdır ki, silahlanmaya və hərbiləşmə siyasətinə son qoyulmalıdır. Paşinyan indi Qərbin sifarişlərini yerinə yetirmək əvəzinə bir şeyi nəhayət başa düşməlidir ki, bölgədə sülh və əməkdaşlığın alternativi yoxdur.
Titul.az xəbər portalı üçün
11:58 - 18 Sentyabr 2024