Zəngəzur dəhlizi məsələsi regionda yeni eksalasiyanın baş verməsi üçün xarici qüvvələrin əlində əsas rıçaqa çevrilməkdədir. Əgər bugünə kimi Qərb və ABŞ bu məsələdə Ermənistana "qorma, arxandayıq" mesajları verirdisə, artıq fərqli cəbhədə yer alan Rusiya da bu məsələdə öz təhlükəli oyununu oynamağa başlayıb.
Hər kəsə məlumdur ki, ötən həftələrdə kommunikasiyaların açılması mövzusunun danışıqların hazırkı gündəliyindən çıxarıldığı elan edildi. Sirr deyil ki, bu, daha çox Qərbin istəyinə uyğun bir seçim idi. Bununla da həmin qüvvələr Bakı ilə İrəvan arasındakı sülh prosesində təşəbbüsü ələ keçirmək istiqamətində önəmli üstünlük əldə etdiyi qənaətindədirlər.
Lakin rəsmi Moskva təşəbbüsü əldən verməmək üçün bütün variantları gözdən keçirmək qərarına gəldi. Belə ki, çox keçmədən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana və paytaxtımıza səfər etdiyinin şahidi olduq. Bu, ilk baxışdan sıradan səfər təəssüratı bağışlasa da, məqsəd və amal aydındır: Rusiya Qərbin regiona buraxılmaması üçün yeni variantlar üzərində ciddi götür-qoy edir. Bəli, çox çəkmədi ki, Kremlin Zəngəzur dəhlizi ilə bağlı "B" planının şahidi olduq.
Moskva yaxşı anlayır ki, Azərbaycan-Ermənistan sülh prosesinin Qərbin, xüsusən də ABŞ-ın vasitəçiliyi ilə yekunlaşması, Cənubi Qafqazda Vaşinqtonun maraqlarına cavab verən yeni bir statuskvonun ortaya çıxması Rusiya üçün regionla bağlı son ümidlərin üstündən qalın xətt çəkilməsinə bərabər ola bilər. Bu səbəbdən də Rusiya bu prosesə mane olmaq, ən azı yubatmaq üçün Zəngəzur dəhlizi məsələsini yeni "rıçaq" kimi istifadə etmək qərarına gəldi.
Rusiyanın planı nədir?
Azərbaycanı Ermənistanla yenidən üz-üzə qoymağı, regionda yeni bir eskalasiyanın baş verməsini Rusiya indiki vaxtda özü üçün vəziyyətdən çıxış yolu görür.
Bəli, Rusiya höküməti bununla da bir güllə ilə iki hədəf nişan almaq istəyir. Ana plan: Bunun nəticəsi olaraq da Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizi məsələsin həll etmiş olsun.
Bu, Rusiyaya niyə lazımdır?
Rusiya bu taktiki gedişdən əsas iki məqsəd güdür:
- İlk olaraq Şimal qonşumuz bununla Azərbaycan-Ermənistan gərginliyi fonunda Qərbin və ABŞ-nin bütün diqqətini Cənubi Qafqazda yeni münaqişə ocağına yönəltmək. Bununla da Rusiya Qərbin, ABŞ-nin diqqətini Rusiyanın Ukrayna ilə apardığı müharibədən bir xeyli yayındırıb, zaman qazanmaq. Bu zaman kəsiyində Rusiya öz savaşında üstünlüklərini qorumaq, mövqeyini gücləndirmək və güclənmək üçün yenidən vaxt qazanmaq istəyir.
- Digər məsələ isə, Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirdikdən sonra Rusiya rəsmi Bakının hər zaman olduğu kimi "sözümüz imzamızdır" deyiminə sadiq olaraq məhz Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək o dəhlizə 2020-ci il 9 noyabr Bəyannaməsində qeyd edildiyi kimi Rusiya Təhlükəsizlik Xidməti Orqanlarının nəzarət etməsi ilə bağlı mövqeyinə "hə" deyəcəyinə əminliyidir.
Hazırda ayağın-ayağının üstünə qoyub ətrafında cərəyan edən prosesləri əlini çənəsinə dayayaraq izləyən bir İrəvan var. Nikol Paşinyan hakimiyyətini sülhdən yayındırmaq, yekun müqavilənin imzalanmasına mane olmaq istəyən kənar "oyunçular" rəsmi İrəvanı tamaşaçı qismində saxlayır. Hazırda Paşinyan bacıları tərəfindən VİP zonada derbi izləmək üçün oyunun keçirildiyi stadiona gətirilən uşağa bənzəyir. Qərbin, ABŞ-nin, digər yandan da Rusiyanın son zamanlar başlayan anti-Bakı addımları İkinci Qarabağ müharibəsindən sonra "havası alınan" İrəvanı belə görünür ki, yenidən bir xeyli ərköyünləşdirəcək.
Cəzasızlıq sindromuna alışan İrəvan hakimiyyətini necə "şımartmaq" lazım olduğunu Qərb yaxşı bilir:
- Dayanmadan öldürücü silahlarla silahlandırmaq
- "İnadından geri dönmə, sona qədər səni dəstəkləyəcəyik" düşüncəli bəyanatlar
- Milyonlarla dollar qrantlar
Özü də bu proseslər özü də bir yandan Rusiyanın Ermənistanda günbəgün zəifləyən mövqeyi fonunda baş verirsə... Zəngəzur dəhlizi də daxil olmaqla Moskva ilə İrəvan arasındakı məsələlərə nəzər saldıqda o qənaətə gəlinir ki, ötən illərdə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda müzakirələr aparılmasına rəğmən, mövcud reallıqlar fonunda, Moskva daha İrəvana təzyiq edərək, diplomatik yollarla Zəngəzur dəhlizinin müzakirəsini davam etdirə bilmir. Rusiya yenidən İrəvana diplomatik təzyiq etməyə çalışsa da bunu bacara bilməyəcəyini özlüyündə artıq qəbul etməkdədir. Kreml üçün qalır dəhlizin güc yoluyla açılması...
Rəsmi Bakı isə yeni eskalasiyanı istəməyən ən birinci tərəfdir. Azərbaycan Ermənistan hakimiyyətini dəfələrlə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırsa da rəsmi İrəvan ipə-sapa yatacaq kimi görünmür. Rusiyanın planının işə düşməsi üçün isə zərurət yaradılır. Rusiya kimi Cənubi Qafqazın yenidən poliqona çevrilməsini çox istəyən Qərbin də proseslərin içində mövcudluğu eskalasiya riskini bir xeyli artırır.
Təbii ki, bütün bunlar İrəvanın gözünə kül üfürmək məqsədi ilə edilir. Lakin Azərbaycan Ermənistandan fərqli olaraq real şəraiti və vəziyyəti düzgün dəyərləndirməyi bacarır. Bakı öz mövqeyindən bir addım da olsun geri çəkilmək fikrində deyil. Bu istər siyasi arenada, istərsə də hərbi meydanda artıq təsdiqlənmiş aksiomadır.
Titul.az xəbər portalı üçün
Təhməz Əsəd
10:52 - 17 Sentyabr 2024