"Nə ağzının danışığın bilir, nə də oxumağı bacarır, amma bütün günü efirdədir" - SƏRT DANIŞDI

"10-15 il əvvəlki vəziyyətlə müqayisə edəndə, indikini acınacaqlı adlandırmaq olar".

Bunu Titul.az-a açıqlamasında efir məkanlarında artan bayağı musiqi, bayağı ifalarla bağlı danışarkən müğənni Yaşar Yusub deyib.

Yaşar bayağı ifaçıların bu qədər artmasında bəzi aparıcı və telekanalları əsas günahkar hesab edib:

"Əslində həmin illərdə də bəsit, musiqi zövqünü korlayan mahnılar, musiqilər, ifaçılar var idi. Onlar indi də var, indi daha çoxdur. Hətta reklam edilən bu cür ifaçılar daha çoxdur. Əslində bunlar normaldır. Dövrümüzdə hər zaman belələri olub. Sadəcə olaraq indi elələrinə efirdə daha çox vaxt ayrılır, daha çox şans verilir.

Çalışıb diqqət etmək lazımdır ki, fərqi yoxdur o efirə çıxan müğənni olsun, aparıcı olsun, onlar ağzının danışığını bilən insanlar olmalıdır. İfaçı oxuduğu mahnıya fikir verdiyi kimi aparıcı da ağzından çıxan sözə, nə danışdığına fikir verməlidir. "Aparıcıyam, çıxım efirdə hər şey danışım", "Müğənniyəm, nə istəyirəm oxuyum"- düşüncəsi düzgün deyil. 

Sağolsun, elə telekanallarımız var, dəvət etdikləri qonaqları seçirlər, bayağı musiqi ifa edənləri dəvət etmirlər, geyiminə kimi diqqət edilir, ondan sonra efirə buraxılır. Amma buna riayət etməyən televiziyalar da var, necə gəldi, hansı proqrama gəldi, səhər-günorta-axşam görürsən ki, eyni müğənnini bütün verlişlərinə dəvət edir. Ağzını açır, nə danışmaqdan xəbəri var, nə oxumaqdan. Bu, əslində ayıbdır!".

"Bayağı  mahnıların efirlərdə səslənməsi insanların musiqi zövqünü korlayır, cəmiyyətimizdə daha pis tendensiyalara yol açır. Bu cür mahnılar azyaşlıların, yetkinlik yaşında olanların musiqi zövqünə və bilavasitə həyat tərzinə pis təsir edir və nəticədə musiqi zövqü də beləcə formalaşır. 

Mən özümdən deyim elə: Bülbül adına Orta İxtisas Musiqİ Məktəbini bitirmişəm, muğam təhsili almışam. Biz baxmayaraq ki, juğam sinifini bitirmişik, opera konsertlərinə gedərdik, xalq mahnıları dinləyərdik, instrumental musiqiçilərin konsertlərinə gedərdik. Yəni ailədən bizi elə tərbiyə etmişdilər ki, uşaqlar yaxşı musiqi ilə məşğul olsunlar, yaxşı ifalar dinləsinlər, yaxşı yerlərdə olsunlar ki, onların həm zövqü, həm mədəniyyəti inkişaf etsin. Əlbəttə bayağı musiqi pis zövq formalaşdıra bilər. Bütün bu nüansları nəzərə alaraq da hər ifaçı, hər mahnı, hər dəxlisiz danışıq efirdə olmaz. Diqqət edilməlidir ki, cəmiyyətin zövqünü korlamasınlar", - deyə Yaşar Yusub qeyd edib.

 

14:49 - 14 Sentyabr 2024

Xəbər lenti