Bakıda keçiriləcək Formula 1 yarışına görə, paytaxtın mərkəzi küçələrində hərəkət dünəndən tam dayandırılıb. Bu səbəbdən avtobusların marşrutu da dəyişdirilib.
Azneft dairəsi bağlı olduğu üçün Sahil qəsəbəsi, Şıx, Bibiheybət, 20-ci sahə və Bayıl istiqamətindən şəhərin mərkəzinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sadəcə iki avtobus 5 (50 qəpik) və 149 (70 qəpik) nömrəli avtobuslar təyin olunub. Lakin dünən Dövlət Yol Polisi (DYP) Lökbətan dairəsindən 149 nömrəli avtobusların şəhərə daxil olmasına icazə verməyib. Odur ki, bu istiqamətlərdən "Azneft"ə gəlmək istəyən və gəldikdən sonra axşam evlərinə qayıdan sakinlər yollarda qalıb və taksi sifariş etməyə məcbur qalıblar.
20-ci sahə - "Azneft" arasında hərəkət edən 5 nömrəli avtobusların isə sayı az olduğundan gec-gec gəldiyi üçün insanlar yenə də yollarda qalıb və ya sıxlıq olduğuna görə avtobusa minə bilmədikləri üçün "manatlıq" taksilərdən istifadə etməyə məcbur qlaıblar, hətta uzun yolu piyada getməyə məcbur qalanlar da olub.
Göründüyü kimi AYNA qeyd olunan ərazilərdəki sakinləri faktiki olaraq avtobussuz qoyub. 149 nömrəli avtobus xəttindəki sakinlər (Şıx, Bibiheybət, "Jurnalist binaları", "Şəhid ailələri və qazilərin binası", "Kristal Abşeron binaları") nəqliyyatsız qalıb, 20-ci sahə, Bayıl əhalisi isə yalnız 5 nömrəli avtobusun ümidinə qalıb.
Onu da qeyd edək ki, hər il Formula 1-ə görə bu ərazilərdəki sakinlər bu cür çətinliklərlə qarşılaşırlar və əlavə xərcləri çıxır. Əslində isə Formula 1 dövlət tədbiri olduğu üçün Şıx, Bibiheybət, 20-ci sahə, Bayıl - "Azneft" arasında dövlət tərəfindən əhalinin daşınması pulsuz həyata keçirilə bilərdi.
Bəs nəqliyyatın hərəkətliliyini təmin etmək və ictimaiyyətdə narazılıq oyatmamaq üçün bu istiqamətdə hansı işlər görülə bilər?
Titul.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamsında danışdı.
Onun sözlərinə görə, Formula 1 kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizin xarici imicinə müsbət təsir edir, lakin bu zaman təşkilati işlərin də eyni tərzdə aparılması daha məqsədəuyğun olar:
"Hazırda şəhərimizdə tixacların sayı kifayət qədərdir və əlavə tədbirlərin keçirilməsi ilə ölkəmizə xarici qonaqların gəlməsi şəhəri daha da yükləyir. Belə tədbirlər keçirilərkən yüksək şəkildə idarə edilməlidir. Bu da birbaşa nəqliyyatla əlaqəlidir. Həmin yolların pulsuz avtobuslarla təmin olunması, yaxud ictimai ekspress avtobusların təşkil olunması, ödənişsiz parklanmalara icazə verilməsi təşkilatı işlərdən asılıdır. Bu kimi addımların atılması müsbət hal olardı".
Onu da qeyd edək ki, dünən mövcud problemlə bağlı AYNA-ya sorğu göndərsək də, bu saata qədər qurumdan nədənsə səs çıxmadı.
17:00 - 10 Sentyabr 2024