Vətəndaşların “20 Yanvar” metro stansiyasından Sumqayıta gedişində çətinlik yaranıb.
Onların bu problemi həll ediləcəkmi?
Titul.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, “20 Yanvar” metro stansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı.
"Tbilisi prospektinin “20 Yanvar” metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) imkanlarından yararlana bilərlər. Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir.
Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə BBAK-dan müasir və komfortlu “Neoplan”larla yola düşə bilərlər.
Qeyd edək ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər", - deyə qurumdan məlumat verilib.
17:04 - 2 Sentyabr 2024