Azərbaycanda növbədənkənar parlament seçkiləri BAŞLADI

 Azərbaycanda növbədənkənar parlament seçkiləri BAŞLADI

Azərbaycanda növbədənkənar parlament seçkiləri başlayıb.

Titul.az xəbər verir ki, səsvermə 08:00-da başlayıb və axşam saat 19:00-da yekunlaşacaq.

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. Seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirəcək.

08:01 - 1 Sentyabr 2024

Xəbər lenti