Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Titul.az xəbər verir ki, yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur
Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.
Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisə ilə bağlı AQTA da məlumat yayıb.
Qurumdan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.
Gəncə Birləşmiş Xəstəxananın Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İradə Dəmirovanın verdiyi məlumata görə, vətəndaşların kütləvi müraciəti qeydə alınıb. Onlar arasında yüngül, orta ağır və ağır olan xəstələr var. Hazırda 75-dən çox vətəndaş xəstəxanaya yerləşdirilib. Onların sayı artmaqda davam edir. İlkin versiyaya görə, müraciət edənlər yas mərasimində bozartma, halva, pomidor və xiyardan istifadə ediblər. Protokola görə ilkin tibbi yardım göstərilib, mədələri və bağırsaqları yuyulub. Hazırda ağırlaşmış və dünyasını dəyişmiş xəstə qeydə alınmayıb.
18:35 - 11 Avqust 2024