Avqustun 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin və partiyanın yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Titul.az xəbər verir ki, müşavirədə Yeni Azərbaycan Partiyasının ölkə üzrə 125 seçki dairəsindən irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara bundan sonrakı mərhələdə uğurlar arzulanıb.
Sonra YAP İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək istər partiyanın Mərkəzi Seçki Qərargahının, istərsə də yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib, imzatoplama kampaniyasında iştirak edən bütün partiya fəallarına təşəkkür ifadə olunub.
Vurğulanıb ki, 125 nəfər xüsusi icazəli müşahidəçi səsvermə gününədək dairə seçki komissiyalarının, 1 nəfər isə Mərkəzi Seçki Komissiyasının iclaslarını müşahidə edəcək, 817 nəfər Azərbaycan Respublikasının bütün seçki dairələrində, 12686 nəfər məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparacaq. Bununla yanaşı, 1 nəfər Mərkəzi Seçki Komissiyası üzrə məşvərətçi səs hüquqlu üzv, 6468 nəfər isə dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlər təyin olunub.
Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilməsi məqsədilə təlimlərin keçiriləcəyi də diqqətə çatdırılıb.
Avqustun 9-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.
Yeni Azərbaycan Partiyasının seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığı vurğulanıb və tədbir iştirakçıları YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki platforması və digər təbliğat-təşviqat materialları ilə tanış ediliblər.
Diqqətə çatdırılıb ki, YAP 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiya kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və MSK tərəfindən müəyyən olunmuş mətbu orqanları vasitəsilə ödənişsiz seçkiqabağı təşviqat aparmaq hüququna malik olsa da, demokratik prinsipləri rəhbər tutaraq seçkiqabağı təşviqat mərhələsində digər partiya nümayəndələri və bitərəf namizədlərlə bərabər şərtlərdə rəqabətin aparılması məqsədilə bu imtiyazdan istifadə etməmək barədə qərar qəbul edib.
Sonda seçkiqabağı təşviqat mərhələsində istifadə olunacaq təbliğat-təşviqat materialları müvafiq bölgüyə əsasən deputatlığa namizədlərə və yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.
19:10 - 8 Avqust 2024