Laçında itkin düşüb, 2 il sonra Kəlbəcərdə qalıqları tapılan hərbçilərimizin ÖLÜM SƏBƏBİ BİLİNDİ + FOTO

 Laçında itkin düşüb, 2 il sonra Kəlbəcərdə qalıqları tapılan hərbçilərimizin ÖLÜM SƏBƏBİ BİLİNDİ + FOTO

2022-ci ildə Laçında itkin düşən hərbçilərin Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində meyit qalıqları tapılıb.

Titul.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilmişdir ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilmişdir.
Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

15:49 - 6 Avqust 2024

Xəbər lenti