Erkən nikahın törətdiyi fəsadlar

  Erkən nikahın törətdiyi fəsadlar

Erkən yaşda nikaha daxilolma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər.
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Əksər  ölkələrin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.

Erkən nikahların səbəbləri

Erkən nikahlar əsasən aşağıdakı hallarda baş verir:

erkən nikah probleminin özündə tarixi ənənələrin yükünü daşıması, yəni tarixi ənənə və mentalitetdən irəli gələn səbəblər: "qarımış qız", "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması;
valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir.
ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur.
kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik;
icma həyatında hər kəsin davranışının sərt reqlamentasiyasının məcburi nikaha cəlb olunma hallarına müdaxilə etməyi çətinləşdirməsi;
kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında müəyyən ab-havanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olması;
qaçırılma halları və s.

Erkən nikahların fəsadları:

fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.
təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.         
peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
boşanma hallarının sayı artır;
erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;
HİV infeksiyası ilə cinsi istismar riski artır və s.
            

Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir .

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 176-1-cı maddəsinin birinci bəndində göstərilir ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin ikinci bəndində isə qeyd olunur ki, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşdirilib.

 Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır.

 

Famil Kazımov

Salyan regional “ASAN xidmət” mərkəzində

 Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi, 

  kiçik ədliyyə müşaviri

           

            

16:07 - 31 İyul 2024

Xəbər lenti