Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayev balta ilə vətəndaşa xəsarət yetirib.
Baş verən hadisəyə hüquqi cəhətdən hansı qiymətin veriləcəyi hər kəsi maraqlandıran suallardandır.
Titul.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a açıqlama verən tanınmış vəkil Roman Qaraşov baş verən hadisədə xuliqanlıq cinayətinin əlamətlərinin olduğunu bildirib:
"Xalq artisti Ağadadaş Ağayevin törətdiyi hadisəsə xuliqanlıq cinayətinin əlamətləri olduğu ehtimal olunur. Baş verən hadisə zamanı ictimai qayda kobudcasına pozulub. Xuliqanlıq dedikdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan qərəzli hərəkətlər başa düşülür. Lakin burada silah və ya silah qismində istifadə olunan alətdən istifadə olunduğuna görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham oluna bilər. Çünki burada zorakılıq hərəkətlərinin əlamətləri var.
Vəkil qeyd edib ki, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər:
"Xalq artisti Ağadadaş Ağayev ilkin əlamət kimi ictimai qaydanı pozmaq və əlində balta ilə zorakı hərəkətlər edilməsi ilə ittiham olunur. Buna görə də xalq artistinin əgər günahı sübuta yetirilsə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər".
14:00 - 23 İyul 2024