"Bura Zərifə Əliyeva adına parkdakı zeytunluqdur. Bakıda ən yaxşı baxılan parklardan biridir. Parkın əsas hissəsi zeytun ağaclarından ibarətdir. 2 ildir zeytun bağında ağacların arasında gəzinti və velosiped zolaqları salınıb, yollar işıqlandırılıb. Mən də hər axşam burada yeriyirəm”.
Titul.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədr müavini, tanınmış jurnalist Səadət Məmmədova sosial media hesabında yazıb.
O, parkda ağacların məhv olduğunu deyib:
"Parkda gəzəndə sakinlərdən eşitmişdim ki, yuxarı hissədə ağaclar quruyur, məhv olur, əvvəllər o hissədən bol zeytun yığırdıq, indi bar da vermir. Mən parkın içində gəzəndə bunu aydın görə bilmirdim.
Nəhayət, bu gün evdə olduğum üçün gün işığında diqqətlə baxdım və gördüm ki, bağın bir hissəsində fərqli rəngdə zolaq görünür. Əvvəllər də ötəri gözümə dəymişdi, elə bilmişdim ki, günəşin düşmə bucağına və saatına görə yaranan rəng fərqidir. Amma qonşuların sözündən sonra anladım ki, bu elə bağın quruyan hissəsidir.
Yuxarı istiqamətdə, məscidə yaxın tərəfdə bağın əhəmiyyətli hissəsində quruma gedir. Ağaclara xəstəlik düşüb, susuzluqdan quruyur ya hansı səbəbdəndirsə, müvafiq qurumlar buna biganə qalmamalıdır.
O bildirib ki, yaşıllıqları qorumaq müvafiq qurumların borcu olmalıdır:
Dənizin də suyunun kəskin azaldığı bir dönəmdə yaşıllıqları, hər bir ağacı, kolu qorumalıyıq. Şəhərimizin bu yaşıllğa, oksigenə ehtiyacı var.
"Yaşıl dünya naminə həmrəylik” ilində, həm də COP-29 kimi dünya iqlimi üçün tarixi əhəmiyyəti olan bir tədbirə ev sahibliyi edən dövlətimizin ərazisində təbiətə sevgi və qayğı ilə yanaşmaq borcumuzdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhər Yaşıllaşdırma İdarəsi və bütün digər əlaqədar qurumları təcili tədbirlər görməyə çağırıram ki, akademik Zərifə Əliyeva adına parka aid olan zeytunluq məhv olmasın! Ağacları qoruyaq!”.
01:45 - 14 İyul 2024