Azərbaycanda sahibkarlığın inkişafına dəstək verməli olan bir sıra dövlət qurumlarının imkan düşən kimi onlara problem yaratdığı heç kimə sirr deyil. Son vaxtlar belə qurumlar arasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xüsusilə seçilir: Sahibkarlıq subyektlərində yoxlamalar qadağan olunsa da, AQTA-ya qida təhlükəsizliyi ilə bağlı monitorinqlər aparmaq, bir çox sahələrdə icazələr vermək və sair səlahiyyətlər həvalə olunub.
Titul.az AFN-ə istinadən xəbər verir ki, bu gün Azərbaycanda qida məhsullarının istehsalı, idxalı və ixracı ilə məşğul olan bütün sahibkarlar AQTA-dan tam asılı vəziyyətdədirlər. Belə sahibkarlıq subyektləri arasında broyler fabrikləri də var. Ötən ilin payızında Rusiyada yumurta qiymətləri kəllə-çarxa çıxanda Rusiya hökuməti Azərbaycandan yumurta idxalına icazə verdi. Bir neçə iri quşçuluq müəssisəsi də ixraca başladı, üstəlik, prosesin yarım ildən çox davam edəcəyini nəzərə alıb yumurta istehsalının artımına sərmayə qoydular. Aldığımız məlumata görə, yumurta istehsalı artmağa başlayan kimi AQTA ixracın qarşısını alıb.
Bununla ürəyi soyumayan Qoşqar Təhməzli indi də sahibkarlara təzyiq üçün başqa səlahiyyətindən sui-istifadə edir. Belə ki, quşçuluq təsərrüfatlarında istifadə olunan yem qatqılarının hamısı xaricdən idxal olunur və bu prosesə AQTA icazə verməlidir. İndi AQTA idxalına icazə vermiş olduğu belə yem qatqılarının ölkəyə girişini əngəlləyir. Onlarla maşın yem əlavəsi artıq bir neçə həftədir giriş icazəsini gözləyir. AQTA həmin əlavələrin istehsalçılarından Azərbaycanda qeydiyyatdan keçmələrini tələb edir. Halbuki bundan əvvəl həmin əlavələrin idxalına icazə verib. Lakin indi icazəni nəzərə almadan, malların ölkəyə girişinin qarşısı alınır.
Maraqlıdır ki, Azərbaycanda qəbul edilmiş və 2023-cü ilin yanvarından qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən ölkəyə idxal olunan qida əlavələrinin istehsalçılarının Azərbaycanda qeydiyyatdan keçməsi tələbi var. Bu, sırf insanların istifadəsi üçün nəzərdə tutulan qida əlavələrinə qoyulan tələbdir. İndi AQTA qanunun tələbini heç bir hüquqi əsas olmadan heyvanlar və quşlar üçün gətirilən yem əlavələrinə də aid etməyə çalışır.
Onu da qeyd edək ki, quşçuluq sahəsi ərzaq təhlükəsizliyi baxımından mühüm rola malik sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqətində olan bu sahənin inkişafı üçün dövlət tərəfindən çoxsaylı dəstək mexanizmləri tətbiq olunur. Son illərdə Azərbaycanın yerli müəssisələri ölkəni tamamilə yumurta ilə təmin edəcək səviyyədə istehsal artımına nail olublar.
İndi isə Prezidentin dəstək verərək inkişafına nail olduğu bir sahə AQTA və onun rəhbərliyinin müəmmalı maraqlarının qurbanına çevrilir.
AQTA-nın mövqeyini verməyə hazırıq.
23:03 - 9 İyul 2024