Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.
Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videonu qadının ərinə və oğluna göndərəcəyini deyib.
R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.
Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla, ümumilikdə 42 min manat pul verib.
Həkim ifadəsində deyir ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.
Bir müddət sonra Ramin başqa cinayətə görə həbs edilib. Lakin o, həbsdə olduğu vaxt da həkimi şantaj edib, yanına sovqat gətirməsini istəyib. Həkim xanım isə yenə də çəkinərək onun yanına gedib, istədiyi şeyləri aparıb.
Zərərçəkmiş şəxs bir müddət sonra bankdan götürdüyü krediti ödəyə bilməyib. Digər tərəfdən də hədə-qorxular davam etdiyi üçün polisə şikayət edib.
R.Əkbərova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, zərərçəkmişi və ərini çoxdan tanıdığını, nəyə görə sonradan ondan belə bir ittihamla şikayət etdiyini bilmədiyini deyib.
10:07 - 5 İyul 2024