Bakı iki dəfə İrəvana Naxçıvanla əlaqə üçün “Kalininqrad modeli” təklif edib.
Titul.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Sonuncu dəfə bu məsələni bu il martın 1-də Antalyada keçirilən diplomatik forum zamanı Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev qaldırıb və bunu potensial həll yolu adlandırıb. Ermənistan hökumətinin regionun iqtisadi infrastrukturlarının blokdan çıxarılması ilə bağlı mövqeyi "Sülh yollarının kəsişməsi" layihəsində öz əksini tapıb və layihəyə daxil olan 4 prinsip əsasında həyata keçirilməlidir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, “Kalininqrad modeli” 2021-ci ildə beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə israilli mütəxəssis Mixail Finkel tərəfindən təklif edilib. SSRİ-nin dağılmasından sonra Litva müstəqillik əldə etdi və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni kəsdi.
1997-ci ildə Litva ilə Rusiya Federasiyası arasında sərhəd müqaviləsi imzalanıb. Kalininqrad vilayətinə malların vizasız tranzitinə dair razılıq əldə edildikdən sonra Rusiya sazişi ratifikasiya edib. 2002-ci ildə Aİ və Rusiya Federasiyasının birgə bəyanatında bildirilirdi ki, tranzit rejimi Litvanın lazımi nəzarəti həyata keçirmək və ərazisinə girişi qadağan etmək üçün suveren hüququnu məhdudlaşdırmayacaq. /"Unikal"
13:19 - 2 İyul 2024